
Oktyabrın 28-də “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun qəbul edilib. 8 fəsil, 42 maddədən ibarət olan yeni qanunun II fəslində müstəqil milli antidopinq qurumunun (böyük ehtimalla adı Milli Antidopinq Agentliyi olacaq - S.T.) yaradılması nəzərdə tutulub. Ancaq bu qanunun qəbul edilməsindən təxminən 2,5 ay keçsə də, bu qurumdan bir xəbər yoxdur.
Qaynarinfo.Az bunun üçün Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə danışıb.
Çingiz bəy hələ də bu qurumun yaradılmadığını, agentliyin tərkibi haqda müzakirələr getdiyini bildirib: "Qanun qəbul edilsə də, hələ Milli Antidopinq Agentliyi yaradılmayıb. Hələ bu qurumun üzvlərinin konkret kim olacağı dəqiq bilinmir. Hazırda bu agentliyin rəhbərinin kimliyi, qurumun təşkilati məsələləri, İdarə Heyətinin üzvlərinin tərkibi barədə müzakirələr gedir. Yəqin ki, bu, 10-15 günə açıqlanar. Ancaq nəzərdə tutulub ki, idman federasiyalarından, Gənclər və İdman Nazirliyindən, Milli Olimpiya Komitəsindən, Milli Məclisdən nümayəndə agentlikdə təmsil olunsun. Hələ bu müzakirə şəklindədir. Ancaq bu il üçün bu qurum təsis olunacaq".
Qeyd edək ki, bu qurumun yaradılmasına Azərbaycanda çox böyük ehtiyac var. Son vaxtlar Azərbaycan idmançıları dopinqdən istifadəyə görə turnirlərdən uzaqlaşdırılır. Uzağa getməyək. Elə dünən Beynəlxalq Olimpiya Komitəsi ağır atlet İntiqam Zairovun Pekin Olimpiadasından sonra Londondakı nəticələrinin də dopinqdən istifadəyə görə silindiyini açıqlayıb.
Səbuhi TOFİQOĞLU