Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, D liqasının III qrupunda yer alan milli komandamız III turda Farer adalarının qonağı olub. Azərbaycan ilk dəfə keçirilən turnirdə bu oyunadək qələbə qazana bilməmişdi. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv evdə Kosovo (0:0), səfərdə isə Malta ilə heç-heçə etmişdi (1:1). Farer adaları isə doğma meydanda maltalıları məyus edib, (3:1), Kosovoda uduzmuşdu (0:2).
Komandamız bu dəfə 3 xalı aktivinə yaza bilib. Hesabı 28-ci dəqiqədə Riçard Almeyda açıb. 67-ci dəqiqədə Dmitri Nazarov Rüfət Dadaşovun ötürməsini qola çevirib. 87-ci dəqiqədə isə penaltini dəqiq yerinə yetirən Almeyda yekun nəticəni müəyyənləşdirib - 3:0.
Qeyd edək ki, Farer adaları və Azərbaycanın əsas yığmaları bundan əvvəl bir dəfə qarşılaşmışdı. 27 fevral 1996-cı ildə Cənubi Kiprin Larnaka şəhərində keçirilmiş yoldaşlıq matçında millimiz 3 cavabsız qola qalib gəlmişdi. Oyunda son nöqtəni 30-cu dəqiqədə məhz Qurban Qurbanov qoymuşdu.
Qurban Qurbanov baş məşqçi kimi də farerliləri məyus etməyi bacarıb. Onun rəhbərlik etdiyi "Qarabağ” 2011/12 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində "Streymur”u mübarizədən kənarlaşdırıb (0:0, 1:1).
Bundan başqa, Azərbaycanın U-21 yığmasının da Farer adaları yığması ilə yolu kəsişib. Bu komandalar AVR0-2008 və AVRO-2016-nın seçmə mərhələlirndə üz-üzə gəliblər. Birincisində adalılar öz meydanında 1:0 hesabı ilə qalib gəldikləri halda, Bakıda heç-heçə oynayıblar - 2:2. Növbəti dueldə isə Azərbaycan 1:0 hesablı səfər qələbəsinə sevinib, evdə isə heç-heçə edib - 1:1.
Qeyd edək ki, turun digər oyunun Kosovo Maltanı qəbul edib və 3:1 hesablı qələbə qazanıb.
Millətlər Liqası
D Liqası, III qrup
III tur
11 oktyabr
Farer adaları - Azərbaycan 0:3
Qollar:Riçard Almeyda, 28; 87-pen. Dmitri Nazarov, 67.