Xəbər lenti

Millimiz hansısa rayonumuzdan da balaca ölkəyə niyə uduzdu? – Mütəxəssislə müsahibə
İdman07:18 06.09.2021

Millimiz hansısa rayonumuzdan da balaca ölkəyə niyə uduzdu? – Mütəxəssislə müsahibə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yığmanın uğursuzluğu heç şübhəsiz son günlərin gündəmidir. De Byazinin rəhbərlik etdiyi komanda hələ üzümüzü güldürməsə də, azərbaycanlı futbolsevərlər qarşıdakı oyunlarda daha yaxşı kollektiv görəcəyinə ümid edir. Amma təəssüf ki, bunlar hazırda arzu olaraq qalır. Təbii ki, milli ilə yanaşı, ona cavabdeh olan AFFA da uğursuzluğa görə haqlı tənqidlərə məruz qalır. Azərbaycanın tanınmış mütəxəssislərindən olan Nazim Süleymanov da millinin çıxışları ilə bağlı düşüncələrini bölüşüb.
Veteran futbolçunun İrlandiya ilə oyundan əvvəl Qaynarinfo-ya verdiyi müsahibəni təqdim edirik:
- Yığmanın belə zəif çıxışına münasibətiniz necədir?
- Püşk atılanda düşünürdük ki, Lüksemburqla oyunlarda 6 xal alacağıq. Amma təəssüflər olsun ki, həmin xalı onlar bizdən aldılar. Əvvəllər biz Lüksemburqu məğlub edib, onlara yuxarıdan aşağı baxardıq. İndi isə əksinədir. Onlar bizə yuxarıdan aşağı baxır. Yığmanın yaxşı oynaması üçün çempionat güclü, rəqabətli olmalıdır. Futbolçularımız daha səviyyəli liqalarda oynamalıdır ki, milli komanda səviyyəsində nəsə edə bilək. Siz, biz, ümumiyyətlə, bütün futbol ictimaiyyəti, azarkeşlər də bilir ki, nə Avropa, nə də Dünya Çempionatının final mərhələsinə çıxacağıq. Belədirsə, bəs bu qədər vəsaiti niyə xərcləyirik? U-21-ə xarici məşqçi gətirirlər. Əsas komandaya bəzən əcnəbi təyin etmək mükündür, bunu başa düşürük. Əslində bu da düzgün fikir deyil. Çünki bilirik ki, seçmə mərhələni keçə bilməyəcəyik. Ondansa həmin vəsaiti kökə-bünövrəyə xərcləyək. Azərbaycan çempionatına diqqəti artıraq. Uşaq futboluna, Birinci Diviziona, aşağı yaş qruplarından ibarət komandalara fikir vermək lazımdır ki, bunun bəhrəsini görək. Fikir vermiriksə, nə gözləməliyik? Siz nə gözləyirdiniz, möcüzə? Möcüzə gözləməyə ehtiyac yoxdur. Biz 8 komanda ilə Bakı çempionatı keçiririk. Əslində Bakı deyil, AFFA çempionatıdır. Ona görə də özümüzü aldatmayaq.
- Xaricdə oynayan futbolçularımızın Lüksemburqla matçın ilk hissəsində ehtiyatda qalması yəqin sizin üçün də gözlənilməz oldu...
- Bəli, belə heyət mənim üçün də gözlənilməz oldu. Şeydayevin, Namikin, Mahirin, Krivotsyukun ehtiyatda qalması... Heç zədələri də yox idi. Çətindi danışmaq. Kənardan görünən odur ki, heyət düzgün qurulmamışdı. Birinci hissədə çox bərbad oynadılar. Yalnız ikinci hissədə hücumlar qurduq. Lüksemburq taktiki gedişləri ilə oyunun taleyini həll etmişdi. Onlar qələbə qazandı, biz isə məğlub ola-ola gedirik. Bu nəvaxta qədər belə olacaq? Bilrisiniz, görünən kəndə bələdçi lazım deyil. Biz nə istəyirik? Lüksemburqu udmalı idik. Cırtdan ölkədir. Belə baxanda onların əhalisi bizdən 10-15 dəfə azdır. Sahəsi bəlkə hansısa rayonumuzdan da balacadır. Amma onlara uduzuruq. Niyə? Bu suala AFFA cavab verməlidir. Biz isə yalnız fikir söyləyə bilərik.
- Siz də AFFA-nın yığmaya və baş məşqçinin ideyalarına müdaxilə etdiyini düşünürsünüz?
- Futbolda belə şeylər var. Hər halda baş məşqçini nə siz, nə də mən gətirmişəm. Belədə ona nə deyə bilərik ki? Əlbəttə, onu gətirən menecerlər, AFFA-rəhbərliyi var. Danışırlar, fikir mübadiləsi aparırlar və yığmanı meydana çıxarırlar. 
- Bu nə dərəcədə düzgün və ədalətlidir?
- Düzgün deyil. Hər məşqçinin öz prinsipləri olmalıdır. Milli nə deməkdir? Azərbaycan çempionatında kim yaxşı oynayırsa, o da milliyə dəvət almalıdır. Xaricdəki legionerlərimizin hamısı təlim-məşq toplanışına dəvət olunmalı və oynamalıdır. Kənarda elə də güclü futbolçularımız qalmayb. Amma heyət düzgün qurulmamışdı.
- Baş məşqçi Lüksemburqla matçdan öncə bədbin fikirlər səsləndirmişdi. Buna münasibətiniz necədir? Onun elə danışması nə dərəcədə düzgündür?
- Bilmirəm, o sözləri dəqiq deyib, ya yox. Ancaq belə danışmağı düzgün deyil. Bu, futbolçulara psixoloji təsir edir. Bir də ki, məşqçi elə danışırsa, bəs futbol ictimaiyyəti, veteranlar, jurnalistlər hara baxır? Hamımız danışmalıyıq. Bir məşqçi elə deyirsə, burada işləməməlidir. AFFA-da kurslar keçirilir. Çox uzağa getmirəm, elə "C” kateqoriyalı bir məşqçini gətirsinlər, eyni nəticə olacaq da. Məşqçilər danışmırsa, nəticə çıxarmırıqsa, deməli, ictimaiyyət Azərbaycan futbolunun inkişafında zəif iştirak edir. Mahirlə Namik pis oyunçudur? Onlar harada yetişib? "Bakı” futbol klubunun akademiyasında. 2005-2015-ci illər dövlət proqramı vardı. Proqramın şərtlərindən biri Azərbaycanın ixtisaslaşmış bölgələrində internat məktəblərinin tikilməsi idi. Tikdikmi? Etməmişiksə, nə gözləməliyik? Bu qədər vəsait havaya uçdu, getdi. Amma Azərbaycanda talantlı futbolçular çoxdur. Çox gözəl rəqabət yaratmaq olar. Məsələn, sizin üçün Tovuzda, Gəncədə, Qazaxda və ya Lənkəranda futbol oynamağın fərqi var? Əlbəttə, şərait olandan sonra fərqi yoxdur. Amma psixoloji rəqabət yaranacaq. Çempionatımızda bölgədə oynayan yalnız "Qəbələ”dir.
- De Byazi Azərbaycana yenicə gələndə nikbin fikirlər səsləndirirdi. Ancaq bir neçə gün öncə tamamilə əks sözlər söylədi. Düşünmək olar ki, Azərbaycan futbolunun potensialını görəndən sonra fikirləri dəyişib?
- Bu sualın cavabını yalnız özü verə bilər. Niyə, nə üçün? Albaniyanı Avropa çempionatının final mərhələsinə çıxardığı üçün çoxlarının ümidi var idi ki, niyə Azərbaycanda da eyni uğuru təkrarlamasın? Albaniyanın futbolçuları harda oynayırdılar? Onlar bir kollektiv yaratmışdılar. Bizdə də kollektiv var, amma o səviyyədə deyil. Hər kəs ayağını yorğanına görə uzatmalıdır. Baxmayaraq ki, bizim yorğanımız uzundur, ayağımız isə balaca. Ona görə də müəyyən şeyləri açıq şəkildə deməliyik. Səkkiz komandalı çempionat olar? Çətinlik yaşadığımız dönəmlərdə Azərbaycan Premyer Liqasında 25-28 komanda vardı. Düzdür, həmin illərdə burada deyildim, amma məndə informasiya var. İki qrupda 13-14 komanda çıxış edirdi.
- Ümumiyyətlə, De Byazi gələndən sonra Azərbaycan futbolunda hansısa dəyişikliklərə nail olub?
- Siz müsbət nəsə görürsünüz? Müsbət qiymət baş məşqçinin işi və nəticələrinə görə verilir. O, İtaliyadan gəlib. Hansı ki, İtaliya dünya futbolunda öz mövqeyi olan, inkişaf etmiş ölkədir. Biz düşünürdük ki, De Byazi gələr, əlini vurar stolun üstünə deyər ki: "Səkkiz komanda azdır. Komandaların sayını artırıb, çempionatı düzəltmək lazımdır”. Nə oldu? Köhnə hamam, köhnə tas. Üstəlik, Birinci Diviziondakı idman prinsiplərini pozuruq. Əvəzediciləri Birinci Divizionda oynatmamalıyıq. Bunlar Premyer Liqaya vəsiqə qazanmırsa, lisenziyaları yoxdursa, niyə çempionata buraxmalıyıq? İkincisi, çempionat keçirilirsə, reqlamentə əməl olunmalıdır. Birinci yeri tutan Premyer Liqaya getməlidir. Premyer Liqada da sonuncu pilləni tutan Birinci Diviziona düşməlidir. Sistem olmalıdır. Əvəzedicilər niyə Birinci Diviziona qoşulmalıdır? Özlərinin çempionatında oynasınlar da. Birinci dəstədə alver getdiyini əsas gətirib, bəzi komandaları uzaqlaşdırdılar. Əvəzedici heyətləri gətirib Birinci Diviziona saldılar. Nəticədə istedadlı uşaqları "palçığa batırdılar”. U-19-da çalışdığım futbolçuların bir çoxu çöldə qalıb. Ona görə də yığma bu gündə olmalıdır, Lüksemburqa, Lixtenşteynə uduzmalıyıq. De Byazidən danışırıq. Heç U-21-in baş məşqçisi Milan Obradoviçi demirsiniz. Ümumiyyətlə, U-21-ə əcnəbi məşqçi lazımdır? Bəlkə də yaxşı məşqçidir, amma bizə lazım deyil.
- Qarşıdan Portuqaliya və İrlandiya ilə oyun gəlir. Gözləntiləriniz necədir? Ümumiyyətlə, bu dövrədə nəyə ümid edə bilərik?
- Siz guya nəsə gözləyirsiz ki? Sanki futbol ictimaiyyəti bu sikldən nəsə gözləyir. Bu seçmə oyunlar ona görədir ki, böyük xallar toplayıb, ilk pillələri tutub final mərhələsinə çıxasan. Biz çıxa bilmirik. Niyə yalandan özümüzü aldadaq? Elədirsə, gəlin bir-birimizi yalandan tərifləyək. Bəy tərifi də bir dəfə olar.
- Dəyişikliyə öncə nədən başlamaq lazımdır?
- Hər şeydən əvvəl dəyişiklik AFFA-da olmalıdır. Mənə elə gəlir ki, cənab prezident hər sahədə olduğu kimi, Azərbaycan Futbol Federasiyası Assosasiyalarında da islahatlar aparmalıdır. Bu mütləqdir, başqa əlac yoxdur. Yalandan ümid etmək lazım deyil. Biz bir-birimizi tərifləməklə nə olacaq? İş görmək lazımdır. Bu paradoksdur. Yadınıza gələr, 2004-cü ildə Azərbaycan futbolunda müəyyən dəyişikliklər, "bum” oldu. "Karvan”, "Xəzər Lənkəran”, "MKT-Araz” kimi klublar yarandı. O zaman infrastruktur vardı? Əksər komandalar Tofiq Bəhramov adına Respublika stadionunda oynayırdı. Sonradan "Bakı”, "Muğan”, "Karvan”, "MKT-Araz”, "Xəzər Lənkəran” üçün infrastruktur yaradıldı. "Turan”ın, "Kəpəz”in də stadionu var idi. Elə AZAL-ı nümunə gətirə bilərəm. "İnter” (indiki "Keşlə”), "Zirə” də özü üçün şərait yaratdı. Bazalar yaradıldı, amma ildən-ilə gerilədik. Əvvəl deyirdilər ki, maliyyə yoxdur, durum çətindir. İndi hər şəraitin olduğu bir vaxtda futbolumuz çox zəifləyib. Bu durumu yaradan sizsiniz, yoxsa mənəm? Cavab versinlər.
Səbuhi Həsənov