
Bu gün futbol üzrə "DÇ-2014"ün seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
F qrupunda yer alan Azərbaycan milli komandası seçmə mərhələdə 9-cu matçına çıxacaq. Berti Foqtsun komandası doğma meydanda Şimali İrlandiya yığması ilə qarşılaşacaq.
Səfərdə bu rəqiblə 1:1 hesablı bərabərə qalan yığmamız görüşün fovoriti hesab olunmasa da, millimizin qələbə qazanaraq qrupun sonuncu pilləsindən qurtulacağına ümidlər böyükdür.
Bugünkü oyun milli komandamızın üçün əlamətdar olacaq. Belə ki, yığmamız bu gün 200-cü oyununa çıxacaq. Komandamız yubiley qarşılaşmasında sevinməyə çalışacaq.
Görüş saat 21:00-da 8-ci kilometr stadionunda start götürəcək. Oyunu italiyalı hakimlər briqadası idarə edəcək. Qeyd edək ki, yığmamız indiyədək keçirdiyi 8 oyundan 5 xal toplayıb və qrup sonuncusudur. Şimali İrlandiya isə 6 xalla 4-cü pillədə qərarlaşıb.
F qrupu
"DÇ-2014"ün seçmə mərhələsinin oyunları
21:00. Azərbaycan - Şimali İrlandiya
Hakimlər: Andrea De Marko, Rikardo Di Fiore, Alessandro Giallatini, Mauro Berqonzi (İtaliya).
Qaynar.info