Xəbər lenti

Millimizin baş məşqçisi: “Özümüzdən zəif və bərabər səviyyəli rəqiblərlə oynaya bilirik”
İdman08:56 18.11.2022

Millimizin baş məşqçisi: “Özümüzdən zəif və bərabər səviyyəli rəqiblərlə oynaya bilirik”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir müddət öncə Avropa çempionatının seçmə mərhələsində iştirak edən U-17 millisi qrupu 3 xalla, üçüncü pillədə başa vurdu. Mərhələnin sonuncu oyununda Lixtenşteyn yığmasını 8:0 hesab ilə məğlub edən milli digər rəqiblərə - Ukraynaya 2:5, Bosniya və Hersoqovinaya isə 0:1 məğlub oldu. Bu, hazırkı U-17-nin sonuncu turniri idi. Yəni, komandanın üzvləri növbəti ildən daha yuxarı yaş qruplarından çıxış edəcək.
U-17 millimizin baş məşqçisi Elxan Abdullayev Qaynarinfo-ya açıqlamasında həm geridə qalan turnirdə komandanın çıxışını dəyərləndirib, həm də qarşıdakı planlardan danışıb.
"Çətin qrupa düşmüşdük. Rəqiblər güclü idi. Güclü deyəndə, Ukrayna ilə Bosniya və Hersoqovinanı nəzərdə tuturam. Hər iki rəqibə qarşı komanda yaxşı oynadı. Düzdür, Ukraynaya 2:5 hesabı ilə uduzduq. Fərdi səhvlərə yol verdik. Bu oyun daha yaxşı nəticə ilə qurtara bilərdi. Ukrayna millisinin üzvlərinin fərdi ustalığı bizimkilərdən daha üstündür. Məsələn, onların bir forvardı bizə 4 qol vurmuşdu. Bunu bəhanə gətirmirəm. Reallıq var ki, Ukrayna hər bir cəhətdən bizdən güclüdür. Buna baxmayaraq, onlara əməlli-başlı "boy verdik”. Bosniya və Hersoqovinaya 0:1 hesabı ilə uduzduq. Ümumiyyətlə, bu birinci səbətdən çıxan komanda idi. Favorit sayılırdı. Uduzmağımıza baxmayaraq, yaxşı şanslarımız var idi. İkinci hissədə, ümumiyyətlə, onlardan qat-qat yaxşı oynadıq. Təəssüflər olsun ki, qapıya yol tapa bilmədik, uduzduq. Üçüncü oyunda gördünüz ki, Lixtenşteyni 8:0 hesabı ilə məğlub etdik. Çıxışımız onu göstərdi ki, özümüzdən zəif, yaxud bərabər səviyyəli rəqiblərlə oynaya bilirik. Güclülərlə oynamaq üçün öz üzərimizdə çalışmalıyıq. Yenə də uşaqlardan razı qaldım. Əzmkarlıq, xarakter göstərdilər. "Elit raund”a yüksələ, maksimal nəticə əldə bilməsək də, razı qaldm. Ən azı qrupu sonuncu pillədə bitirmədik. İşləmək lazımdır. Onların ilk təcrübəsi, turniri idi. Gəncdirlər, işləmək lazımdır. Həm millidə, həm də klublarda nəticə qazanmaq istəyiriksə, bu uşaqlarla çox işləməliyik”.
Abdullayev qarşıdakı planlar və komandanın potensialı ilə bağlı sualı cavablandırarkən bunları söylədi:
"Yarış bitdi. Bu uşaqlar artıq gələn ildən U-18 millisinə keçəcəklər. U-19 millisi hazırda toplanışdadır. Bizim komandadan 5 futbolçu götürdülər. Bu, yaxşı haldır. Əsas milliyə düşmək onlar üçün hələ tezdir. Amma aralarında istedadlıları var. Fikrimcə, indiki komandadan əsas milliyə 2-3 nəfər düşə bilsə, bu, böyük iş olacaq”.
Mütəxəssis nəticələr haqda AFFA rəhbərliyinə hesabat da verdiklərini bildirdi:
"Hər toplanışdan sonra hesabat veririk. Onlar da işimizi qiymətləndirir. Ona görə də işim haqqında nə fikirləşdiklərini deyə bilmərəm”.
Keçmiş futbolçu "Yeni komanda yığmağa başlamısınızmı” sualını da cavablandırdı:
"Biz planımızı ilin əvvəlində, yanvar ayında təqdim edirik. İllik plan haqda məlumat göndəririk. Seçmə mərhələ oyunlarını bitirmişik. Yeni ilə qədər planımızda nə toplanış, nə də turnir var. Yalnız oyunları izləyirik. Gələn ilin əvvəlində öz planımızı təqdim edəcəyik. Yoldaşlıq görüşləri üçün rəqib axtarırıq. AFFA planları təsdiq etməli, oyunların və toplanışların vaxtını müəyyənləşdirməlidir. Hələ ki, fasilədir”.
Səbuhi Həsənov