Xəbər lenti

Millimizin baş məşqçisi: “Onu indi açıqlamayacağam...”
İdman07:47 28.09.2021

Millimizin baş məşqçisi: “Onu indi açıqlamayacağam...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir neçə gün öncə U-19 millimiz Serbiyada keçirilən beynəlxalq turnirdə iştirak etdi. Elxan Abdullayevin komandası turnir ərzində 3 matç keçirsə də, qələbə qazana bilmədi. Noyabrda Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Belçika, İspaniya və Lüksemburqla qarşılaşacaq millimizin nə zaman hazırlığa başlayacağı və təlim-məşq toplanışını harada keçirəcəyi haqda Elxan bəyin fikirlərini öyrəndik.
Baş məşqçinin Qaynarinfo-ya müsahibəsini təqdim edirik: 
- Komandanı nə vaxt toplamağı düşünürsünüz?
- Oktyabrın 1-i təlim-məşq toplanışına başlayacağıq. 12-nə qədər "Qəbələ”də toplanış keçəcəyik. Ümumilikdə üç yoldaşlıq görüşü nəzərdə tutmuşam. Oktyabrın 8-i və 11-də Qırğızıstan millisi ilə qarşılaşacağıq. Ayın 5-də isə "Zaqatala” ilə yoldaşlıq matçı planlaşdırmışıq. Bu, sonuncu toplanış olacaq. Noyabrda seçmə mərhələ oyunları başlayacaq.  
- Bir müddət öncə beynəlxalq turnirdə iştirak etdiniz. Komanda keçirdiyi üç oyunun ikisində məğlub oldu, birində heç-heçə oynadı. Yəni üç oyunda bir qələbə qazana bilmədiniz...
- Obyektiv yanaşmaq lazımdır. Rəqiblərin üçü də bizdən güclü idi. Desəm ki, güclü idik, yalan olar. Həm Serbiya, həm də Macarıstan bizdən qat-qat üstün idi. Maksimal dərəcədə müqavimət göstərdik. Macarıstanla oyunda fərdi səhvlərə yol verdik. Nəticədə qapımıza iki penalti təyin olundu. Buna baxmayaraq, üstünlük bizdə idi. Üçüncu matçdakı rəqibimiz Monteneqro demək olar, bizimlə eyni səviyyədə idi. Nəticədən deyil, komandanın oyunundan razı qaldım. İnkişaf, əzmkarlıq var. Zəif komandalarla oynamamışıq ki, uşaqlardan qələbə tələb edək. Onlar üçün böyük sınaqlardır. Futbol oynamağa hələ yeni başlayırlar.  
- Aşağı yaş qrupları üzrə liqalarda pandemiyaya görə yarışların dayandırılması futbolçulara nə dərəcədə təsir etmişdi?
- Əlbəttə, həm bizə, həm də U-17-yə təsir etmişdi. İki ilə yaxın çempionat keçirilmədi, praktikasız qaldılar. Heç yerdə oynamamışdılar. İndi Birinci Divizion başlayıb, iki tur oynayıblar. Bununla yanaşı, futbolçuların hamısı meydana çıxmır. Bəziləri bir az oynayırlar. Yalnız müəyyən qismi oyun boyu meydanda olur. Yenə də azdır. Çempionatın olmamasının böyük təsiri vardı.
- Birinci Divizionda bütün komandaları izləmək imkanınız olurmu? 
- Əlbəttə, mən, köməkçilərim hər tur oyunlara gedirik. 
- Futbolçuların durumları necədir?
- Çempionatın başlaması sevindirici haldır. İstərdim onları əsas heyətdə görüm, 90 dəqiqə oynasınlar. Ancaq hər şey mən istədiyim kimi deyil. Bəzi klubların demək olar gənc futbolçuları yoxdur. "Qəbələ”də bu baxımdan üstünlük var, beş-altı nəfəri daim oynadırlar.
- Hazırda U-19-un formalaşdırılması ilə bağlı hansı problemlərlə üzləşirsiniz?
- Çoxdur, demək olar, hamısı başdan ayağa problemdir. Elə oynamamaları ən ciddi çatışmazlıq idi. Futbolda hər şey bir-birinə bağlıdır. Futbolçular daimi oynamalıdırlar. 
- Noyabrda Belçika, İspaniya, Lüksemburq kimi rəqiblərlə qarşılaşacaqsız. Komandanı bu oyunlara qədər nə dərəcədə yüksək səviyyədə hazırlamaq mümkün olacaq?
- Hazırlıq prosesi davam edir. Sonuncu təlim-məşq toplanışından sonra ən yaxşı futbolçuları seçmə mərhələyə aparacağıq.
- Turnirdən sonra heyətdə hansı dəyişikliklər etməyi planlaşdırmısınız?
- Yığmada 2003 təvəllüdlü və daha aşağı yaşlı uşaqlar var. Bu yaşda olan futbolçuların hər biri milliyə namizəd sayılır. Əsas yığma formalaşmış komandadır. Ancaq burada kim güclüdürsə, daimi oynayırsa, onu da heyətə cəlb edəcəyik. 
- Ümumiyyətlə, klublarda belə yaş qrupunda olan futbolçulara yanaşma necədir? Onlara kifayət qədər şans verilir?
- Heç vaxt klublarla problemimiz olmayıb. Şikayət etməmişəm, etməyəcəyəm də. Çünki əllərindən gələni edirlər. Birlikdə çalışırıq. Nə bizdən, nə də onlardan asılıdır. Koronavirusla əlaqədar oyunlar keçirilmirdi. Onlar da çətinlik çəkirlər. Bunlar UEFA-nın qaydalarıdır, hər klub öz futbolçularına baxmalıdır. Kiminsə hansısa futbolçunu meydana buraxmamasına rast gəlməmişəm. 
- Az öncə qeyd etdiniz ki, bəzi futbolçuları meydana buraxmadıqları üçün tam izləyə bilmirsiniz. Bununla bağlı məşqçilərlə hansısa söhbətləriniz olub?
- Əlbəttə, həmişə müzakirə edirik. Hansısa futbolçu oynamırsa, səbəbini soruşuruq. Zəngləşirik, görüşürük.
- Komandanın durumunu nəzərə alsaq, bu tsikldə nəyə ümid edə bilərik?
- İstəməzdim proqnoz verim. Amma çalışırıq. Bilirsiniz ki, rəqiblərimiz güclüdür. Hamı kimlərə qarşı oynayacağımızı başa düşür. Lakin bu o demək deyil ki, əlimizi yanımıza salıb uduzacağıq. Çalışacağıq, nə alınacaqsa, zaman göstərəcək.
- Rəqibləri analiz etmisiniz?
- Peşəkar məşqçilərik, bu işlə məşğuluq. Əlbəttə, analiz etmişik. Siz xaricə gedəndə, qalacağınız yerə uyğun hotel "bron” edirsiniz. Bunlar elementar şeylərdir. Kimlərə qarşı və necə oynayacağımızı bilirik, zəif və güclü tərəflərini analiz edirik. Necə oynayacağımızı indi açıqlamayacağam. Yaxşı və ya pis çıxış etdiyimizi isə zaman göstərəcək. 
Səbuhi Həsənov