Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatının qalibi olan sərbəst güləş millimiz bu gün vətənə qayıdıb.
Qaynarinfo xəbər verir ki, qitə biriciliyində 4 qızıl və 3 bürünc medal qazanan komandamızın baş məşqçisi Arif Abdullayev yarış haqqında bunları deyib:
"Əvvəlcə bütün idmansevərləri və Azərbaycan xalqını təbrik edirəm. U-23 Avropa çempionatında çıxış edən 9 idmançımızdan 7-si medal qazandı. İlk dəfə komanda hesabında Avropa çempionu olduq. Müxtəlif təlim-məşq toplanışları və beynəlxalq yarışlar olmuşdu. Oradakı yaxşı hazırlıq bu nəticəyə gətirib çıxardı. Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək böyüklərin Avropa çempionatında bu heyətdən 2-3 nəfər də iştirak edəcək".
Güləşçilərimizdən Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Tofiq Əliyev (57 kq), Əşrəf Aşırov (79 kq) və Aydın Əhmədov (125 kq) isə bürünc medala sahib çıxıb.
Səbuhi Həsənov
Şərhlər