Niderlandda keçirilən AÇ-nin final mərhələsində iştirak edən futzal üzrə millimiz o qədər də uğurlu nəticə ilə yadda qalmadı. Alesionun komandası qrupda mübarizə apardıqları ispanlarla heç-heçə etsə də, gürcülərə məğlub oldular. Komandamız yalnız sonuncu görüşdə Bosniya və Hersoqovinaya qalib gəldi. Ancaq bu, qrup mərhələsini adlamaq üçün yetərli olmadı.
Azərbaycanın tanınmış futzal mütəxəssislərindən olan Baba Əsgərov Qaynarinfo-ya açıqlamasında millimizin Niderlanddakı çıxışını dəyərləndirib:
"Nəticə etibarilə əlbəttə ki, qaneedici olmadı. 6 dəfə bu çempionatda oynamış bir komanda üçün zəif göstəricidir. Millimiz təşkilatlanmış komandaya oxşamadı. Heyət minimum vəzifənin öhdəsindən gəlməyə, qrupdan çıxmağa imkan verirdi. Amma bunu edə bilmədilər. Problemin nədən ibarət olduğunu yəqin ki, özləri bilir. Görünürdü ki, heyətdəki bəzi İspaniyada oynayan futbolçular, braziliyalılar özlərini "1 nömrə” hesab edirlər. Bunu komandanın içində də göstərirdilər. Böyük ehtimalla elə ilk oyunda da bu ab-hava öz təsirini göstərdi. 5-6 nəfərə güvənərək oyun keçirməyin acı nəticəsini gördük. Komanda yumruq kimi görünmədi. Bir də ən üzücü məqamlardan biri yenə də braziliyalılar, legionerlər, öz uşaqlarımızın yetişməməsidir”.
Mütəxəssis istedadlı futzalçıların yetişdirilməsi üçün sistem qurulmadığını dedi:
"Potensialımız var. Mütəxəssislərimiz də bunu təsdiqləyir ki, istedadlı uşaqlar çoxdur. Sadəcə, onları üzə çıxarmaq, milli səviyyəsinə yüksəltmək üçün iş qurulmayıb. Qazaxıstan modelinə baxsaz, görərsiniz ki, onlar da vaxtilə legionerlərə üstünlük verirdilər. İndi öz futzalçıları yetişir və millinin əsas oyunçularına çevrilir. Yığmada lider əcnəbi deyil, yerli olmalıdır. Yerli futzalçıların çatışmazlığı komandanı belə duruma gətirib çıxarır. İndi milli səviyyəsində oyunçu var desəm, yalançı olaram. Bəlkə də uşaqlar kənarda qalıb, diqqət yetirilməyib. Sistemin, məktəblərin olmaması, futzal çempionatımızın zəif keçirilməsi, bunlar hamısı perspektivli uşaqların üzə çıxarılmasına təsir edən amillərdir. İş düzgün qurulsa, kifayət qədər potensialımız var. Texnikalı, xırda ötürmələrlə oyun bizim ruhumuza yaxındır. Bunu edə bilərik”.
Potensial deyəndə təbii ki, ağıla gələn ilk yığma U-19 olur. Maraqlıdır, Əsgərov Ağatahir Əzimovun rəhbərlik etdiyi komandada əsas milliyə namizəd futzalçılar görürmü:
"Açığı, U-19-un oyununu izləməmişəm. Amma Ağatahir müəllimlə bəzən söhbətlərimiz olur. Onun da narazılığını görürəm. Uşaq tapmaqda çətinlik çəkdiyini eşidirəm. U-19 Yüksək Liqada çıxış edir. Bu, uşaqlar üçün təcrübə olacaq. Bir dəfə onun müsahibəsinə rast gəldim, deyirdi ki, böyük futbolda perspektivli uşaqlar daha çox olur və onların futzala gəlməsində problem var. Bu söz mənə qaranlıq qaldı. Təkcə böyük futbolda deyil, elə futzal üzrə aşağı liqalarda da bu oyunun sirrini öyrənənlər var. Bunu yavaş-yavaş vərdiş halına keçirirlər. Həmin liqalarda perspektivli oyunçular olmamış olmaz. Biz oynadığımız dönəmdə diqqət mərkəzində idik. İndi nə məsləhət edən, nə də söz soruşan var. Ona görə də artıq futzaldan uzaqlaşmışıq. Futzalın bugünkü durumu... Qalmışıq legionerlərin ümidinə. Gəldilər oyandılar, çıxıb getdilər. Aydındır ki, onlar gəlib müəyyən mükafat qarşılığında oynayırlar və öz komandaları ilə müqavilələrini daha da yaxşılaşdırmağa çalışırlar. Amma onlarda milli ruh yoxdur axı. Bu nə qədər davam edəcək? 2010-cu ildən bəri nəticə verə bilmirik. Vaxtilə legioner məşqçi gəldi, nəticə verdi, Azərbaycanı tanıtdı, reytinqimizi artırdı. Ancaq çalışmalı idilər ki, yerli uşaqlarımız inkişaf etsin. Onları xarici klublara göndərək, legioner həyatı yaşasınlar. Hər şey elə 2010-cu ildəki kimi qaldı. Bir addım da atılmadı. Məşqçi də həminki oldu. Yenə də eyni yanaşma, braziliyalıları gətirmək ənənəsi davam edir. Artıq yenilik etmək, nəsə düşünmək, fərqli proqram hazırlamaq lazımdır”.
Veteran futzalçı millinin baş məşqçisinin dəyişilməli olduğunu da bildirdi:
"Məşqçi icraçıdır. Dəvət edirlər, müqavilə bağlayırlar və o, gəlib işini görür. Artıq onun işinə rəhbərlik qiymət verir. Alesio neçə illərdir nəticə vermirsə, bu haqda artıq rəhbərlik düşünməlidir. Nəticə, irəliləyiş yoxdursa, yeni adlar çıxmırsa, deməli, tükənmə var və məşqçinin işi effekt vermir. 12 ildə heç nə dəyişməyibsə, deməli, nəyisə yeniləmək lazımdır”.
Səbuhi Həsənov