Futzal üzrə son çempion "Araz-Naxçıvan” Çempionlar Liqasında fiaskoya uğradı. Komanda mübarizə apardığı qrupda hər üç matçda məğlub olmaqla tarixinin ən pis nəticələrindən birinə "imza atdı”. Təbii ki, bu uğursuzluqda ən çox günahlandırılan baş məşqçi Joze Alesio və onun gətirdiyi braziliyalı futzalçılardır. Hazırda futzal üzrə U-19 millimizə rəhbərlik edən Ağatahir Əzimov da bu cür düşünənlərdəndir.
Mütəxəssis Qaynarinfo-ya müsahibəsində fiasko ilə bağlı fikirlərini bölüşüb.
- "Araz-Naxçıvan”ın Çempionlar Liqasındakı fiaskosu haqda nə düşünürünüz?
- Açığı, niyə belə olduğunu bilmirəm. Alesio komandaya 9-10 legioner və futzalçılarla işləyən fiziki hazırlıq üzrə məşqçi gətirmişdi. Bu qədər pul xərcləndi. Üstəlik Alesio rəhbərliyə onların səviyyəli legioner olduğunu və mərhələ adlayacağını bildirmişdi. Belədirsə, mərhələni gəzə-gəzə keçməli idilər. Çünki bu, elit raund deyil. Mərhələni keçməli idi ki, daha güclülərin qrupunda mübarizə apara bilsinlər. Bir də ki, fikrimcə, mərhələ keçmək istəyirsənsə, oyunlara 5-10 gün qalmış yaxşı qapıçını göndərib, "meyit” braziliyalı gətirməməlisən. "Araz-Naxçıvan”da Rövşən kimi qapıçı vardı. Alesionun onunla sözü düz gəlmədi, komandadan uzaqlaşdırdı. Gətridiyi braziliyalı qapıçı isə heç nə göstərmədi. Demək olar qapıçımız yox idi. 10 metrlik zərbə təyin olunanda, qapıçı dəyişir, cavan uşaq çıxır meydana. 6 metrlik zərbə təyin olunur, yenə əsas qapıçı çıxır, yerinə cavan uşaq qapıda dayanır. Daha nə oldu? Onu nə üçün gətiriblər? Qapıda dayana bilmirdisə, onu niyə dəvət edirlər? Özü də elə belə gətirməyiblər, yaxşı pul verirlər.
Başa düşürəm, yaxşı, səviyyəli fuzalçılarımız azdır. Amma daha belə də olmaz axı, 10 dənə legioner gətiriblər. Özümüzdə var idi - Xətai Bağırov, İsa Atayev, hamısı getdilər xaricə. Səviyyəli futzalçı gətirmisənsə, mərhələni adlamalısan. Bunu artıq rəhbərlik ondan tələb etməlidir. Fikrimcə, mərhələni keçməli idilər. Onların yoldaşlıq görüşlərinə baxandan sonra demişdim ki, ən azı iki oyunda məğlub olacaqlar. Hər üç oyunda uduzdular. Komanda ÇL-də qələbə qazanacaq səviyyədə deyildi. Əlbəttə, Azərbaycan çempionatında rahat qələbə qazanacaqlar. Ümumiyyətlə Azərbaycanda bu komanda məşqçisiz də çempion olar. Çünki çempionatın səviyyəsi aşağıdır.
- Ümumiyyətlə Alesionun addımlarına fikir verəndə, onun yerli futzalçılara "düşmən” münasibəti göstərdiyi hiss olunur. Azərbaycanlıları bəyənmir...
- Alesionun həmişə yerli futzalçılarla problemi olub. Onun azərbaycanlılardan heç vaxt xoşu gəlməyib. Alesio gəldiyi ilk gündən azərbaycanlıları bir-bir yola salıb. 12-13 ildir Azərbaycandadır, hələ bir futzalçı yetişdirməyib. Azərbaycanlıları kənarlaşdırıb, əvəzində braziliyalıları gətirir. Bundan əlavə, adam indiyə qədər heç bir yerli məşqçini yaxına buraxmayıb. Heç vaxt ikinci məşqçi ona lazım olmayıb. Amma braziliyalı məşqçinin lazım olduğunu deyirdi. O, heç vaxt bizi bəyənməyib. Nə futzalçılarımıza, nə məşqçilərimizə qiymət verib.
- Sizcə, bəs niyə rəhbərlik baş məşqçidən bunları tələb etmir?
- Deyə bilmərəm. 2010-cu ildə Avropada nəticə vermişdi. Yığmamız 4-cü yeri tutmuşdu. Daha sonra deyəsən dünya çempionatında 5-ci olmuşduq. "Araz-Naxçıvan” da bir neçə dəfə səhv etmirəmsə, ilk "dördlüy”ə düşmüşdü. O vaxt bunlar bizim üçün yaxşı nəticə sayılırdı. Amma son illərdə heç nə yoxdur. O vaxtkı oyunçular səviyyəli idilər. Komandanı arxalarınca aparırdılar. Bugünkü futzalçıların arasında isə əvvəlkilər kimi səviyyəlisini görmürəm. Nəticə vermirlər. Yunanıstan çempionuna uduzmaq olmaz axı. Başa düşürəm, mən də U-19-un baş məşqçi ola-ola uduzuram. Amma mən yerli futzalçılarla uduzuram. Hansı ki, ordan-burdan uşaq tapıram, cəmi 5-6 ay məşq keçib, Avropa birinciliyinə gedirəm. Təbii ki, belə olan halda uduzmalıyam. Çünki onların bünövrəsi yoxdur, sıfırdan məşq keçirəm. 9-10 braziliyalı gətirib uduzmaq isə yolverilməzdir. Rəhbərlik baş məşqçinin hər istədiyini edib. Hansı futzalçını istəyibsə, onu gətiriblər. Bunun müqabilində nəticə verməlisən. Mən belə düşünürəm.
- Ümumiyyətlə Alesio burda olduğu müddətdə futzalımıza nə verib?
- Nəticələri olub, Avropada yer tutub. Amma bu günə qədər bir oyunçu yetişdirməyib. Kaka "Neftçi”yə gələndə cavanlara şans verirdi, öyrədirdi. Tino Perez də həmçinin, azərbaycanlı uşaqlara üstünlük verirdi. Perez Azərbaycana gəlməsəydi, bu gün Rövşən Hüseynli kimi qapıçı yetişməzdi. Birinci dəstədə oynayacaqdı, heç vaxt yüksək səviyyəli qapıçı olmayacaqdı. Perez inandı, nəticədə Rövşən üzə çıxdı. Ancaq Alesio yerlilərə şans vermir.
- Bu gün futzaldakı uğursuzluqlara görə Alesio günahlandırılır və istefa verib getməsi tələb olunur. Sizcə onu əvəzləyəcək yerli kadrlarımız varmı?
- Hamı anadan məşqçi kimi doğulmur. İşləməlisən ki, məşqçi kimi inkişaf edəsən. Bizimkilərə şans vermək lazımdır. Son zamanlarda karyeralarını bitirənlərdən Rizvan Fərzəliyev, Vitali Borisov, Rəcəb Fərəczadə kimi futzalçılarımız var. Heç olmasa bunlardan birini Alesionun yanında köməkçi kimi çalışdırmaq olardı. Neçə illər "Araz-Naxçıvan”da, yığmada oynayıblar. Onlara şans verilməlidir ki, işləsinlər. Sizi inandırım ki, bugünkü "Araz-Naxçıvan”ın başında hansısa yerli məşqçi olsaydı, bundan daha pis nəticə göstərməyəcəkdi. Bəlkə bir oyun qələbə də qazana bilərdi. Ən azı azərbaycanlı uşaqlar çıxıb mübarizə əzmlərini ortaya qoyacaqdılar. Braziliyalılar "nayomnik”di, çıxıb oynayırlar, alınmayanda da veclərinə olmur. Uzağa getməyək, Qazaxıstan millisində 3-4 legioner var, oyunun taleyini həll edirlər. O vaxt bizdə də Serjao, Biro Jade var idi. Belə legionerlərə razıyam, 3-4 nəfər gətirirsən, çıxıb oyunun taleyini həll etsinlər. Azərbaycanlıya cəmi bir neçə dəqiqə şans verilirsə, o, necə inkişaf edə bilər? "Araz-Naxçıvan”ın belə nəticə göstərməsinin əsas səbəblərindən biri budur ki, komanda çempionata demək olar qapıçısız yollanmışdı. Braziliyalı gətirməklə deyil. Rövşən ondan səviyyəli idi və komandaya daha çox fayda verərdi.
Səbuhi Həsənov