Berti Foqtsun rəhbərlik etdiyi yığma komandamızın Xorvatiya ilə görüşdən sonra istefa verəcəyi ilə bağlı məsələ yenidən gündəmi zəbt edib. Qaynar.info ANS PRESS-ə istinadən xəbər verir ki, alman mütəxəssisin yığmamızın "sükanı arxası"nda dayandığı müddətdə komandamız tarixinin ən acı məğlubiyyətini almasa da, bu cür fiaskolardan sonra onun həmkarları öz xahişləri ilə komandadan ayrılıblar.
Avro-96-nın seçmə qrup mərhələsi çərçivəsində Oserdə baş tutan və 10:0 hesabı ilə Fransanın xeyrinə başa çatan qarşılaşmadan sonra Ağasəlim Mircavadov milli ilə halallaşıb.
Kazbek Tuayev üçün DÇ-98-in seçmə qrup mərhələsindəki Macarıstanla Bakıda keçirilən qarşılaşma sonuncu olub. Doğrudur, millimiz "vur-tut" 0:3 hesablı məğlubiyyətə uğrayıb. Lakin təcrübəli mütəxəssis üçün bu nəticə də kifayət edib.
Vaqif Sadıqov isə Lixtenştenə Vadutsda məğlub olduqdan sonra çemodanlarını yığışdırıb.
Millimizin ilk əcnəbi baş məşqçisi Karlos Alberto Torres də Tuayevin yolu ilə gedib. O da Bakıda 0:3 hesablı məğlubiyyətdən sonra istefa verib. Doğrudur, bu, Macarıstanla yox, Polşa ilə görüşdən sonra baş verib.
Sonuncu dəfə rüsvayçı nəticədən sonra millidən ayrılan isə Şahin Diniyev olub. O, Bakıda Serbiyadan aldıqları 1:6 hesablı məğlubiyyətdən sonra millinin "sükanı arxası"nı təhvil verib.