Bu mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Araz-Naxçıvan” uğursuz nəticələrlə yadda qaldı. Bosniya və Hersoqovinanın Mostar şəhərində keçirilən 5-ci qrupun oyunlarında "Orebro” (İsveç), "Loznika Qrad” (Serbiya) və "Mostar”la (Bosniya və Hersoqovina) mübarizə aparan təmsilçimiz hər üç rəqibə məğlub oldu.
Təbii ki, bu nəticə birmənalı qarşılanmadı və baş məşqçi Joze Alesiodan tutmuş komanda üzvlərinə kimi hər kəs tənqid olundu. Xüsusən də braziliyalı mütəxəssis əsas günahkar kimi gösərilir. Bəs uğursuzluğun səbəbləri nədir?
"Araz-Naxçıvan”ın və millimizin sabiq futbolçusu Namiq Məmmədkərimov komandanın uğursuzluğunun səbəblərindən danışıb. Təcrübəli futzalçı Qaynarinfo-ya açıqlamasında bunları söyləyib:
"Bu nəticə gözlənilməz oldu. Heyətləri, hazırlıqları göz qabağında idi, onlara qarşı oynamışdıq. Ancaq hər şey gözlədiyimizin tam tərsi oldu. Məncə, səbəb futbolçuların bir-birini başa düşməməsi və gətirilən legionerlərin keyfiyyətsiz olmasıdır. Məsələn, 5 yox, əvəzində daha yaxşı 2 legioner gətirmək olardı. Neçə il "Araz-Naxçıvan”da oynamışam. Həmişə birinci mərhələni gözüyumulu keçirdik. Çünki səviyyəli legionerlər var idi. Onlardan həm öyrənirdik, həm də təcrübəsindən, ustalığından yararlanırdıq. Gənclərimiz onlara baxıb özlərini inkişaf etdirirdilər. 0 xallıq nəticə olmamışdı. Düzdür, istəməzdik bu cür alınsın. Mənə ən pis təsir edən Serbiya klubuna uduzmaları oldu”.
Məmmədkərimov rəqiblərin elə də güclü olmadıqlarını da bildirdi:
"Keçiləsi komandalar idi. Oyunlara baxdım, rahat şəkildə birinci yerlə çıxmaq mümkün idi. Xüsusən də baş məşqçinin əlinin altında bu cür heyət var idi. Fikrimcə, bu nəticəyə görə baş məşqçi cavabdehlik daşıyır”.
Təcrübəli futzalçı belə nəticədən sonra baş məşqçinin istefa verməli olduğunu da vurğuladı:
"Nəticə yoxdursa, hər kəs məşqçini günahlandırır. Necə deyərlər, udanda komanda udur, uduzanda baş məşqçi. Bu cür hazırlıqla elə də güclü olmayan rəqibləri tam şəkildə üstələyib, qrupdan birinci yerlə çıxmaq mümkün idi. Xüsusən də son illərdə nəticə yoxdur. Belədə baş məşqçi öz istəyi ilə istefa verib getməlidir. Bu, şəxsi fikrimdir, mən belə görmüşəm. Nəticə olmayandan sonra özü getməlidir. Onun yerini tuta biləcək kadrlarımız da var. Məsələn, elə Rizvan Fərzəliyevi göstərə bilərəm. O, millidə baş məşqçi kimi çalışa bilər. Gənc məşqçi kimi ona vaxt versək, məncə komandanı düzəldə bilər”.
Səbuhi Həsənov