
Azərbaycanda bir çox futbolçuların başı ondan keçir. Daha doğrusu, baş dedikdə, burda saçı nəzərdə tuturuq. Çünki nəinki futbolçular, Azərbaycanda çalışmış bir çox əcnəbi məşqçilər saçlarını uzun illərdir ki, ölkəmizdə işləyən türkiyəli bərbər Cəmil Özkoça etibar edirlər. O dünən millimizin məskunlaşdığı "Şeraton" otelində olub və Xorvatiya ilə oyun öncəsi bəzi futbolçularımızın saçına yaxşıca əl gəzdirib.
Özkoç Qaynar.info-ya açıqlamasında bunları bildirib: "Futbolçuların bəzisi klubda olarkən saçlarını kəsdirməyə vaxt edə bilmirlər. Həm də Kamran Ağayev daimi müştərilərimdəndir. O hazırda İzmirdə "Karşıyaka" klubunun qapıçısıdır. Azərbaycana gəlmişkən, məni komandanın qaldığı otelə çağırıb. Ora getmişkən, digər futbolçular da saçlarını kəsdirirlər. Səhər saat 10-dan orda oluram və evə gecə saat 3-4-də güclə çatıram. Bu gün də getməliydim, ancaq evə gec çatdığımdan, yatıb qalmışam (gülür)".
Cəmil İspaniya və Almaniyada yaşayan Eddi İsrafilovla Dmitri Nəzərovun onun əl işindən xoşları gəldiyini bildirib: "Onlar bir dəfə burda olanda saçlarını kəsmişdim. Ondan sonra xoşları gəldi. Pullarını da artıqlamasıyla verirlər. Srağagün Rauf Əliyevlə Səlahət Ağayevin, dünən isə Vüqar Nadirov, Əfran İsmayılov, Cavid Tağıyev, dediyim xaricdə yaşayan oyunçular və Kamran Ağayevin saçına əl gəzdirmişəm. Bu gün oyundan sonra millinin otelinə getməliyəm. Mənə forma söz veriblər".
Qeyd edək ki, aşağıdakı şəkillərdə Cəmil Özkoçun "Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Şehiç, həmin komandanın alban müdafiəçisi Ansi Aqolli, "Xəzər Lənkəran"ın arxa xətt oyunçusu Ruslan Abışov və "Qəbələ"nin həbsdə olan oyunçusu Cavid Hüseynovla şəkilləri görünür. O həmçinin müğənnilərdən Ədalət Şükürov, Ayaz Qasımov, yumoristik aktyor Fərda Xudaverdiyev və digərlərinin saç ustası kimi tanınır.
Qaynar.info






