İdman 15:00 04.03.2023

Millimizin üzvü: “Nə heç-heçə, nə də yenilgi haqda düşünürük”

Futzal üzrə DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Bakıda Yunanıstanla qarşılaşan və inamlı qələbə qazanan millimizin qollarından birinin müəllifi Felipinyo oyunla bağlı düşüncələrini bölüşüb.

Qaynarinfo xəbər verir ki, o, Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

"Oyunun bizim üçün çətin keçəcəyini gözləyirdik. Onların heç bir şansı qalmadığına görə, meydana rahat çıxmışdılar, üzərlərində hansısa təzyiq yox idi. Nəticədə bir müddət hücum qurmaqda çətinlik çəkdik. Amma tədricən üstünlüyümüzü yaratdıq və oyunun idarəsini əlimizə keçirdik. Düzdür, imkanlarımızdan tam istifadə və epizodları realizə edə bilmədik. İstənilən halda, qələbə qazanmağı bacardıq, vacib olan tapşırığın öhdəsindən gəldik”.

Hücumçu martın 7-də Polşa ilə keçiriləcək oyun haqda da fikirlərini bildirib:

"Polşa ilə qarşılaşma çətin keçəcək. Əvvəla, bu rəqibimiz gücünə, keyfiyyətinə görə seçilir. Onlar fiziki planda da fərqlənirlər. Ancaq sürətli oyunumuzu davam etdirməli, Bakıda olduğu kimi, səfərdə də meydanı qalib tərk etməliyik”.

Braziliya əsilli futzalçı elit-raunda vəsiqənin qazanılmasının komandanın oyununa heç bir təsir etməyəcəyini də vurğulayıb: 

"Əvvəldən komandanın qarşısına yalnız elit-raunda yüksəlmək deyil, qrupu birinci pillədə başa vurmaq tapşırığı qoyulub. Biz də yola bu məqsədlə çıxmışıq. Bu mərhələnin final matçını major notlarla bitirmək istəyirik. Nə heç-heçə, nə də minimalhesablı yenilgi haqda düşünürük. Polşaya qələbə üçün gedirik”.

Səbuhi Həsənov