İdman 12:17 02.03.2023

Millimizin üzvü: "Qələbə qazanmalı, Polşa səfərinə qalib yollanmalıyıq"

Yunanıstan və Polşa ilə keçiriləcək oyunların hazırlığını davam etdirən Azərbaycan millisi dünən bir məşqlə kifayətlənib.
 
Qaynarinfo xəbər verir ki, iki saata yaxın davam edən hazırlıq prosesini baş məşqçi əsasən taktiki tapşırıqlar üzərində qurub. Məşqdən sonra Afinada Yunanıstan yığmasının qapısına 2 qol vurmuş Xətai Bağırov Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib:

"Araz-Naxçıvan”da çıxış edən oyunçular Yunanıstanla matçın hazırlığına daha erkən cəlb edilmişdilər. Ümumiyyətlə, komandanın çempionat oyunlarına hazırlıq prosesində millinin bu matçları da nəzərə alınırdı.

Yunanıstanla oyundakı tapşırığımız da aydındır: qələbə qazanmalı, Polşa səfərinə qalib yollanmalıyıq. Düzdür, onları Afinada böyükhesabla udmuşuq. Amma bu matç da, hesab da keçmişdə qaldı. Addım-addım məqsədimizə nail olmaq üçün matçlardan maksimum nəticə ilə ayrılmalıyıq. Yunanıstan yığması ilə oyuna tam hazırıq. Ciddi zədəsi olan futzalçımız yoxdur. Bu da komanda üçün müsbət məqamdır. Atmosfer də yaxşıdır. Heyətə cəlb olunan oyunçuların hamısı düşərgəyə tam hazır gəliblər.

Polşaya gəldikdə, səfərdə oynayacağıq, çətin bir duel olacaq. Ancaq heç bir sədd keçilməz deyil. Bu mərhələni zirvədə başa vurmalı, elit-raunda lider kimi yollanmalıyıq. Final mərhələsinə qədər bizi çətin sınaqlar gözləyir. Yolumuz uzun və çətin olsa da, məqsəd, tapşırıq dəyişmir: ikinci dəfə final mərhələsində oynamaq. Bu yolda hamımız səfərbər olmuşuq”.
 
Millimiz martın 3-də, saat 20:00-da, Bakı İdman Sarayında Yunanıstan, 4 gün sonra Koszalin şəhərindəki idman zalında, yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 23:00-da) Polşa yığması ilə qarşılaşacaq.
 
Səbuhi Həsənov