Xəbər lenti

Millinin baş məşqçisindən "Xəzər Lənkəran"a cavab: "Hədə-qorxu olmayıb"
İdman11:54 18.02.2016

Millinin baş məşqçisindən "Xəzər Lənkəran"a cavab: "Hədə-qorxu olmayıb"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda keçiriləcək Avropa çempionatının meydan sahibi olan 17 yaşadək millimiz (U-17) növbəti təlim-məşq toplanışına start verib.

Qaynar.info xəbər verir ki, bu gündən başlayan və martın 4-dək davam edəcək Bakı toplanışına 24 futbolçu çağırılsa da, bunların hamısı iştirak etmir.

Belə ki, "Xəzər Lənkəran" futbolçuları İbrahim Qədirzadə ilə Yusif Həsənovu Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən toplanışa buraxmayıb. Bunu klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun sosial şəbəkədə paylaşdığı statusdan başa düşmək mümkündür. Klub bunu fevralın 21-də "Zirə" və 27-də "Qəbələ" ilə vacib matçlarının olması ilə əlaqələndirib. Xatırladaq ki, bu 2 yeniyetmə futbolçu hazırda "Xəzər Lənkəran"ın əsas heyətinin üzvləridir.

Cəbrayıloğlunun statusunun "hədə-qorxu" hissəsi isə daha diqqət yetiriləsi məqamdır: "Qarşıda klubumuzun iki oyunu var. Bunu nəzərə alıb hər 2 futbolçunun ayın 23-25-də keçiriləcək yoxlama oyunlarından azad olunmasını istəmişik. İndi millinin məşqçiləri, Təbriz Həsənov başda olmaqla kluba hədə-qorxu gəlirlər ki, o uşaqları bir daha milliyə çağırmayacağıq".

Təbriz Həsənov isə saytımıza açıqlamasında heç bir hədə-qorxudan söhbət getmədiyini bildirib: "Biz klubu başa düşürük. Premyer Liqada vacib oyunları var. Artıq "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədovla razılığa gəlmişik. O, Yusifi yığmaya buraxacaq, İbrahim isə klubda qalacaq. Lakin hədə-qorxudan söhbət gedə bilməz. Hədə-qorxu olmayıb. Heç kimə "yığmaya buraxmasanız, o futbolçuları bir də çağırmayacağam" sözlərini deməmişəm. Onsuz da milliyə getməyə icazə verməyəndə verməyəcəklər də. Buna biz nə edə bilərik ki? Əslində mən məhz bu məsələlərlə bağlı klub nümayəndələri ilə görüşmək istəyirdim. İndi görürəm ki, görüşməyə dəyməzmiş. Onsuz da belə problemlər olanda olur".

Yeri gəlmişkən, heyətə "Beşiktaş"dan (Türkiyə) Hüseyn Seyliğli, Mətin Gülər, "Leypsiq"dən (Almaniya) Murad Mahmudov, "Master-Saturn"dan (Rusiya) Timur Cabbarov çağırılıblar. Lakin "Trabzonspor"da çıxış edən Doğuqan Öksüz və Murat Cem Ağpınar bu dəfə milliyə dəvət olunmayıb.

Bu məsələ və "Vətən" futbol məktəbindən çağırımış Omid Derrahın milliyyəti haqda Həsənovun fikirlərini öyrənməyə çalışdıq: "Qeyd etdiyiniz futbolçuların "Trabzonspor"un aşağı yaş qruplarında çox vacib oyunları vardı. Çempionluğa oynayırlar. Ona görə onları bu dəfə çağırmadıq. Ola bilsin ki, hər 2 futbolçunu martda Ukrayna ilə yoxlama oyunlarına çağırdıq. Omidə gəlincə, o uzun müddətdir ki, "Vətən"də oynayır. İran azərbaycanlısıdır".

Qaynar.info