Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları başa çatıb.
Qaynarinfo xəbər verir ki, sonuncu medallar karateçilərin mübarizəsində sahibini tapıb.
75 kq çəki dərəcəsində final döyüşü ilə Avropa Oyunlarına da yekun vurulub. Həlledici qarşılaşmada Azərbaycan millisinin üzvü Rafael Ağayev tatamı üzərinə çıxıb. O, ukraynalı Stanislav Horuna ilə üz-üzə gəlib.
Beşqat dünya, 11 qat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibi olan idmançımız 0:4 hesabı ilə məğlub olub. Bununla da karateçimiz yarışları gümüş mükafatla başa vurub.
R.Ağayevin medalı karateçilərimizin "Minsk-2019"da beşinci mükafatı olub. Ona qədər Asiman Qurbanlı (+84 kq) qızıl, İrina Zaretska (68 kq) və Firdovsi Fərzəliyev (60 kq) gümüş, Roman Heydərov (kata) bürünc medal əldə edib.
18.50
II Avropa Oyunlarında kişi karateçilərin final döyüşləri başlayıb.
Qaynarinfo xəbər verir ki, 60 kq çəki dərəcəsində qızıl medal uğrunda görüş keçirilib.
Azərbaycan yığmasının üzvü Firdovsi Fərzəliyev də tatamı üzərinə çıxıb. O, finalda Latviya təmsilçisi Kalvis Kalninslə görüşüb. Qarşılaşmadan məğlub ayrılan Fərzəliyev gümüş medalla kifayətlənib.
Bu, Azərbaycan karateçilərinin "Minsk 2019"da dördüncü medalı olub. Bir gün öncə isə Asiman Qurbanlı (+84 kq) qızıl, İrina Zaretska (68 kq) gümüş, Roman Heydərov (kata) bürünc medal əldə edib. Daha bir karateçi Rafael Ağayev (75 kq) isə final görüşünə çıxacaq.
Qeyd edək ki, Azərbaycan yığması Avropa Oyunlarında 27-ci medalını əldə edib. İdmançılarımızın hesabında 5 qızıl, 9 gümüş, 13 bürünc mükafat var.