Dünya 18:52 06.08.2022

Moldova daha ucuz qaza görə Rusiyaya güzəştə getməkdən imtina etdi

Moldova enerji müstəqilliyi uğrunda mübarizə aparır, ona görə də ölkə nümayəndələri ucuz qaz istəmək üçün Rusiyaya səfər etməyəcək və güzəştə getməyəcəklər. 

Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bu açıqlama ilə baş nazirin müavini, infrastruktur naziri Andrey Spinu çıxış edib.

Moldovanın Milli Enerji Tənzimləmə Agentliyi (ANRE) bundan əvvəl "Moldovaqaz”ın təqdim etdiyi hesablamalara uyğun olaraq yeni qaz tarifini təsdiq edib, məişət istehlakçıları üçün tarif 23,6% artaraq min kubmetr üçün 1100 dollar təşkil edib. Lakin "Moldovaqaz”ın rəhbəri Vadim Çeban iddia edir ki, yeni tarif qazın alınması və nəqli xərclərini ödəmir, bununla əlaqədar şirkət "Qazprom”dan avqust ayı üçün ödənişin təxirə salınmasını xahiş etməyə məcburdur.

"Sizcə, biz Moskvaya lap 10 dəfə gedək, vəziyyət dəyişəcək? Əgər Maia Sandu və ya mən Moskvaya daha 10 dəfə getsək... Vəziyyət yalnız müəyyən tələblər olduqda dəyişəcək. Tamaşaçılardan soruşmaq istəyirəm ki, onlar güzəştə getməyə hazırdırlarmı? İndi bizim müstəqillik uğrunda əsl mübarizəmiz gedir”, deyə Spinu bildirib.

Onun sözlərinə görə, ölkə enerji müstəqilliyi uğrunda mübarizəyə hələ hazır deyil, lakin qlobal böhran şəraitində onun başqa çıxış yolu yoxdur.

Bu ərəfədə Moldovanın baş naziri Nataliya Qavrilitsa Rusiya Federasiyasına müəyyən siyasi güzəştə gedən ölkələrin Moskva ilə danışıqlar nəticəsində daha sərfəli qaz qiymətləri aldığını bildirib. Bununla belə, o vurğulayıb ki, Kişinyov qazın qısamüddətli qiymətinin aşağı olması naminə ölkənin uzunmüddətli maraqlarını qurban vermək fikrində deyil.

Alpər