20 il əvvəl Rusiyanın paytaxtı Moskvada təşkil olunan "Birlik Kuboku”nun 1/4 finalında Ermənistan çempionu "Pünik” üzərində qələbəyə görə "Neftçi”nin futbolçularına 20 min dollar mükafat verilib.
Bunu "Report”a açıqlamasında Bakı klubunun sabiq futbolçusu Vidadi Rzayev deyib.
O, Rusiyada çalışan azərbaycanlıların da həmin vaxt komandanı mükafatlandırdıqlarını söyləyib:
"Oyuna qədər heç kim mükafat haqqında düşünmürdü. Elə matçdan sonra da belə idi. Həmin vaxt Rusiyada çalışan şəmkirli uşaqlar 5000 dollara yaxın pul yığıb mənə vermişdilər. Həmin məbləği gətirib komanda üzvləri arasında bölüşdürdüm. Bundan əlavə, "Neftçi” rəhbərliyi, həmçinin bir sıra başqa insanlar komanda üzvlərini mükafatlandırdı. Ümumilikdə adama təxminən 20 min dollar mükafat düşdü. Hamıya eyni gözlə baxdılar ki, bu da yaxşı haldır. Çünki hamının əziyyəti var idi. Çox böyük həyəcan keçirmişdik, karyeramın davamı belə sual altına düşmüşdü. İndi Azərbaycan qalib xalqdır”.
Qeyd edək ki, 2005-ci il yanvarın 19-da baş tutan görüş "Neftçi”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. V.Rzayev görüşdə ikinci qolun müəllifi olub. Azərbaycan çempionunun ilk qolunu isə gürcüstanlı legioner Georgi Adamiya vurub.
Şərhlər