Xəbər lenti

Moskvanın
Siyasət 14:14 19.01.2026

Moskvanın "ekspert dili": təzyiq aləti, yoxsa rəsmi siyasət? (ŞƏRH)

"Rusiya dövləti bəzi politoloq və jurnalistlərə bu imkanları ona görə yaradır ki, həmin vasitələrdən istifadə etməklə yaxın qonşu dövlətləri təzyiq və nəzarət altında saxlaya bilsin".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev son vaxtlar Rusiyada müxtəlif politoloq və jurnalistlərin timsalında postsovet ölkələrinə qarşı səsləndirilən təhdid və hədələrin artmasını şərh edərkən bildirib. 

Bununla belə, Mehman Əliyev vurğulayıb ki, belə bəyanatların arxasında yeni və ya sistemli bir siyasətin formalaşdırılması dayanmayıb:

"Hazırkı şəraitdə Azərbaycan, Ermənistan və ya Qazaxıstanla münasibətlərin pisləşdirilməsi Moskvanın maraqlarına uyğun deyil. Bu dövlətlər sanksiyalar altında olan Rusiya üçün dünyaya çıxış baxımından mühüm pəncərə rolunu oynayır. Moskva məhz onların vasitəsilə  bir sıra problemlərini həll edir".

Müsahibimizin fikrincə, Rusiyada ayrı-ayrı politoloq və jurnalistlərin postsovet ölkələri ilə bağlı bu tip açıqlamaları rəsmi Moskvanın mövqeyi kimi təqdim edilməməlidir:

"Azərbaycanda da bəzi politoloqlar Rusiyanın siyasətini tənqid edən açıqlamalar verə bilərlər. Bu isə həmin fikirlərin Azərbaycan dövlətinin rəsmi mövqeyi olduğu anlamına gəlmir. Bu cür bəyanatlar Sovet İttifaqı dağılandan bəri səsləndirilir. Vaxtilə LDPR sədri Vladimir Jirinovski bu istiqamətdə daha fəal idi. İndi isə əsas fiqur kimi Aleksandr Duqin ön plana çıxır. Yeni Rusiyada bəzi politoloq və jurnalistlərin bu cür çıxışları yeni hal deyil və bunu həddindən artıq şişirtməyə ehtiyac yoxdur".
 


Ekspert əlavə edib ki, Rusiya dövlətinin postsovet ölkələrinə qarşı rəsmi səviyyədə konkret addımlar atdığı müşahidə olunmur:

"Biz Moskvanın Azərbaycan, Ermənistan və Qazaxıstana qarşı hər hansı real tədbirlər həyata keçirdiyini görmürük. Azərbaycan Vətən müharibəsi apardığı dövrdə də bəzi şəxslər ölkəmizə qarşı çıxışlar edirdi. Lakin müharibə Azərbaycanın suverenliyinin bərpası ilə başa çatdı".

Rəsmi Bakının Rusiyadan səslənən bu cür təxribat xarakterli açıqlamalara cavab verib-verməməsi məsələsinə toxunan Mehman Əliyev belə bir ehtiyacın olmadığını düşünür.

Qeyd edək ki, millətçi çıxışları ilə gündəmə gələn rusiyalı politoloq Aleksandr Duqin postsovet dövlətlərinin, o cümlədən Azərbaycanın suverenliyinə açıq şəkildə qarşı çıxaraq, Moskvanın Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müstəqilliyi ilə barışmamalı olduğunu bəyan edib. 

Bundan bir qədər əvvəl  isə Kremlin digər təbliğat ruporu, telejurnalist Vladimir Solovyov da analoji imperiya tezislərindən çıxış edərək adı çəkilən ölkələri "xüsusi hərbi əməliyyat”la hədələyib. 

Rusiya Xarici İşlər Nazirliyinin  sözçüsü Mariya Zaxarova qalmaqalı yumşaltmağa çalışsa da, cəmi iki gün sonra Duqin oxşar açıqlamalarla yenidən gündəmə gəlib.

Rüfət Sultan
--> -->