Xəbər lenti

Mourinyo ilə yola gemədi, atası öldü, içkiyə qurşandı - 40 yaşlı "İmperator"un həyat hekayəsi
İdman14:21 17.02.2022

Mourinyo ilə yola gemədi, atası öldü, içkiyə qurşandı - 40 yaşlı "İmperator"un həyat hekayəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün məşhur braziliyalı futbolçu Adrianonun 40 yaşı tamam oldu. Qısa müddət ərzində parlayan, xüsusən də "İnter”əki çıxışları ilə fərqlənən hücumçunun  həyat hekayəsindən bəzi maraqlı anlara nəzər salaq. 
Adriano öz nəslinin ən istedadlı hücumçularından olsa da Braziliya və İtaliyadakı karyerası ərzində heç vaxt ondan gözlənilən böyük perspektivi ortaya qoya bilmədi. ”Buldozerə” bənzədilən, artıq karyerasını bitirmiş veteran futbolçu "raket zərbələri” və gözoxşayan qolları ilə diqqət çəkirdi. Ancaq meydandan kənar problemləri onun karyerasını pozdu və heç vaxt elitaya daxil ola bilmədi. Adriano "İnter”də oynadığı illərdə dörd dəfə Seriya A titulunu, iki dəfə İtaliya Kubokunu qazanıb. O, Braziliya millisinin heyətində Amerika Kubokunu, eləcə də çoxsaylı fərdi mükafatlar da əldə edib. 
Bununla belə, "İmperator” ləqəbi verilən "sambaçı” futboldan uzaqda rəngarəng həyatı ilə yadda qalıb. Ad günündə Adrianonun karyerasındakı bəzi məqamlara nəzər salaq.
Adriano Avropada ən çox "İnter”dəki oyunu ilə tanınımışdı. Lakin 2008-ci ildə transferi baş tutsaydı İngiltərədə tamamilə fərqli təəssürat yarada bilərdi. Məsələ burasındadır ki, hələ 2008-ci ilin iyulunda "İnter"in baş məşqçisi Joze Mourinyo "Çelsi”nin futbolçusu Frank Lampardı kluba cəlb etməyə çalışırdı. Ancaq 7,95 milyon funt sterlinq dəyərində olan təklif rədd edildikdən sonra Mourinyo transferin bir hissəsi kimi Adrianonu da "Zadəganlar”a təklif edərək müqaviləni razılaşdırmağa çalışdı. Həmin vaxt "Çelsi”nin Lempardla həftəlik 140,000 avro dəyərində yeni dörd illik müqavilə imzalamağa hazır olmadığı bildirilirdi.
Adrianonun agenti Gilmar Rinaldi o zaman "Observer”ə açıqlamasında məsələ ilə bağlı bunarı söyləmişdi:
"Mourinyo və Adriano görüşüb danışıblar, lakin bu görüşün necə keçdiyini deyə bilmərəm. Oyunçu gələn həftə Rio-de-Janeyrodan Milana qayıdır, çünki mövsümöncəsi hazırlıq çərşənbə günü başlayır. Mən onun Lempardla dəyişdiriləcəyini nə təsdiq, nə də inkar edəcəyəm”. 
Nəhayət, Mourinyonun transfer cəhdi uğursuz oldu və Lempard növbəti ay "Çelsi” ilə beş illik müqavilə imzaladı.
Atası öləndən sonra
 
Adrianonun çətinliklərinə 2004-cü ildə atasının ölümü kontekstində baxmaq lazımdır. Hansı ki, bu xəbər həmin vaxt cəmi 22 yaşında olan hücumçunu minlərlə kilometr uzaqlıqda, İtaliyada depressiyaya salmışdı. "Daily Star” vasitəsilə "R7” jurnalına verdiyi müsahibədə Adriano itkinin ona təsiri və sonradan alkoqolla mübarizəsi haqqında bunları demişdi:
"Nə qədər əziyyət çəkdiyimi yalnız mən bilirəm. Atamın ölümü məni böyük boşluğa saldı, özümü çox tənha hiss etdim. Onun ölümündən sonra hər şey daha da pisləşdi, çünki özümü təcrid etdim. İtaliyada tək idim, kədərlənmişdim və depressiyaya düşmüşdüm, sonra içməyə başladım. Yalnız içəndə özümü xoşbəxt hiss edirdim. Bunu hər gecə edirdim. Əlimə düşən hər şeyi içdim: şərab, viski, araq, çoxlu pivə. İçməyi dayandırmadım və sonda "İnter"dən ayrılmalı oldum. Bunu necə gizlədəcəyimi bilmirdim, səhərlər məşqə sərxoş gəlirdim. Tamamilə sərxoş halda, tibb işçiləri məni xəstəxanada yatmağa aparmalı olsalar da, həmişə məşqlərə gəlirdim. "İnter” mətbuata açıqlama verərkən sadəcə əzələ problemlərim olduğunu bildirirdi. Sonradan anladım ki, problem ətrafımdakı insanlar, heç nə düşünmədən məni qadınlarla və spirtli içkilərlə əyləncələrə aparan dostlardır".
Mourinyo ilə niyə yola getmirdi?
Adrianonun Mourinyo ilə yola getməməsinin səbəbi portuqaliyalı məşqçinin 2008-ci ildə onu Lempardla dəyişməyə niyə can atdığını anlamaq asan olur. Braziliyalı hücumçu Mourinyo ilə mübahisəsi haqda danışarkən bunları söyləyib:
"2008-ci ildə "İnter"də Mourinyonun dönəmi idi. Mətbuat məni hər yerdə izləyirdi. Dedim, ya rəbbim, məni burdan çıxar. Sadəcə, öhdəsindən gələ bilmədim. Məni milli komandaya çağırdılar və Mourinyo getməzdən əvvəl dedi ki, "Sən qayıtmayacaqsan, elədir?”. Mən dedim: "Sən bunu artıq bilirsən, biletim birtərəflidir”. 
2008-ci ildə "Sao-Paulo”ya icarəyə verildikdən sonra həm Adriano, həm də Maurinyo öz arzularına çatdı. Adriano, futbolçu karyerası boyunca zədələrlə üzləşdi. Fiziki problemlər həm klub həm də milli səviyyəsində oynamağa mane olurdu. Çoxsaylı kiçik maneələr olsa da, nəticədə karyerasını məhdudlaşdıran böyük bir problemlə üzləşdi. 
Karyerasına zərbə vuran zədə
Adriano karyerasının bitdiyini nə zaman anladığı haqqında danışıb: 
"Mən 2011-ci ildə "axilles”imi zədələyəndə, anladım ki, karyeram fiziki olaraq bitdi. Əməliyyat oluna və fiziki durumunuzu bərpa etməyə çalışa bilərsiniz. Amma heç vaxt əvvəlki kimi olmayacaqsınız. Zədədən sonra "partlamağım” getdi. Balans yox idi. Mən hələ də axsaq gəzirəm. Topuğumda hələ də dəlik var. Atam öləndə də belə idi. Sadəcə, həmin vaxt çapıq içimdə idi. Topuğumda və ruhumda bir deşik var”.
13.000 funt-sterlinqlik parti
Karyerasının sonlarına doğru, 2015-ci ilin mart ayında, Braziliyanın "Extra” nəşrində fövqəladə bir hadisə haqda məlumat ortaya çıxdı. Məlumata görə, 33 yaşlı Adriano kədərini boğmaq üçün birbaşa Rio-de-Janeyroya qayıdıb, özü və dostları üçün 18 fahişə tutub. O, bütün bunlara görə 13.000 funt-sterlinq xərcləyib. Həmin vaxt Kopakabanadakı fahişəlik agentliyinin işçilərinin qəfil yoxa çıxması hər kəsdə çaşqınlıq yaratmışdı. 
Adriano 2016-cı ildə rəsmi şəkildə karyerasını bitirdikdən sonra da əyləncəsini davam edirməkdədir. Ötən il Braziliya mediası keçmiş hücumçunun malikanəsini pul qıtlığına görə deyil, fərqli həyat tərzinə xərcləməyə pul əldə etmək məqsədi ilə satdığını bildirdi. "Daily Star” tərəfindən yayımlanan məqalədə Adriano'nun Riodakı 1,2 milyon funt sterlinqlik malikanəsini şəhərin Barra do Tijuca məhəlləsindəki "Grand Hyatt” otelinə köçmək üçün satdığı yazılmışdı. Hansı ki, bu oteldə yaşamaq üçün ayda 10,000 funt-sterlinq lazımdır. 
Adriano tez-tez sosial mediada lüks həyat tərzinin şəkillərini də paylaşmaqla diqqət çəkir. O cümlədən hovuzda şampan şərabının əhatəsində dincəlməsi və futbolçu karyerasında qazandığı kuboklar kolleksiyasının da fotolarını payaşıb.
Səbuhi Həsənov
Mənbə: "Mirror”.