Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, prosesdən sonra S. Qurbanovun vəkili Azər Tağıyev jurnalistlərə açıqlama verib.
Vəkilin sözlərinə görə, iclasda zərərçəkmiş şəxslərdən Aslan Cahangirov və Elxan Hüseynov ifadə verib. A. Cahangirov bildirib ki, Dubaydan 95 min manatlıq qızıl alıb.
Həmin qızılları gömrükdən keçirmək üçün Elxan Hüseynova verib, özü isə Dubayda qalıb. E. Hüseynov Bakıya gəldikdən sonra təqsirləndirilən şəxslərdən Fizuli Əliyev və Natiq Əliyev onu MTN-ə aparıblar. Daha sonra A. Cahangirov Bakıya gəlib. Onu da MTN-ə apararaq qaçaqmalçılıqla məşğul olduğunu deyiblər və cinayət işi başlamamaq üçün ondan əlavə olaraq 50 min manat tələb ediblər. O da həmin pulu verib.
E. Hüseynov da oxşar ifadə verib.
Daha sonra sualları cavablandıran A. Cahangirov deyib ki, S. Qurbanovu tanımır.
Vəkillər bildiriblər ki, A. Cahangirov S. Qurbanov və digər təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırıb.
Vəkillər ondan həmin iddianı müdafiə edib-etməməyini soruşublar. O, iddianı müdafiə etdiyini deyib.
Qaynar.Az