
Bakıda Atatürk mərkəzində milli qəhrəman Mübariz İbrahimov haqqında yazılmış ssenari kitabının təqdimatı olub.
Bu barədə əsərin müəllifi Nicat Əjdər (tanınmış meyxanaçı Nicat Mənalı) bildirib.
N.Əjdərin sözlərinə görə, tədbirdə nüfuzlu qonaqlar iştirak ediblər.
Tədbirdə eyni zamanda, yazılmış ssenari əsasında çəkiləcək film də müzakirə edilib. Əsəri "Era production"-un ekranlaşdıracağı bildirilib.
Məlumat üçün deyək ki, kitabın redaktoru, filologiya elmləri doktoru, professor Nizami Tağısoydur.
Tədbirdə çıxış edən Nicat Əjdər deyib ki, ssenari kitabının müəllifi olmaqla yanaşı, Ruslan İsmayılovla birgə "Mübariz” adlı bədii və sənədli filmin ekranlaşdırılmasına rəhbərlik edir:
"Filmin dünya standartlarına uyğun çəkilib ərsəyə gəlməsi üçün ilk növbədə dövlətimizə, Mədəniyyət Və Turizm Nazirliyinə müraciət edəcəyik. Azərbaycanda və ölkədən kənarda yaşayan tanınmış iş adamlarımızla görüşəcəyik. Yeri gəlmişkən, artıq "Palmalı” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimova bu barədə müraciət etmişik. İnanırıq ki, müraciət etdiyimiz hər kəs bu xeyirxah işdə bizə yardımçı olacaq”.
Milli Qəhrəman Mübariz İbrahimovla bağlı filmə dəstək olmaq istəyənlər bu telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
051 320 73 73, 055 478 16 16
"ERA production MMC”
Qaynar.info