XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Mülkiyyət sahibinin sahiblik, istifadə və sərəncam hüquqları
Ölkə14:19 10.08.2026

Mülkiyyət sahibinin sahiblik, istifadə və sərəncam hüquqları

Mülkiyyət hüququ şəxsin əmlaka sahib olması, ondan istifadə etməsi və onun hüquqi taleyini müəyyənləşdirməsi imkanlarını əhatə edir.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsində mülkiyyət hüququnun anlayışı və məzmunu müəyyənləşdirilib.

Məcəlləyə əsasən, mülkiyyət hüququ şəxsin ona məxsus əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququnun dövlət tərəfindən tanınması və qorunmasıdır.

Mülkiyyətçinin hansı hüquqları var?

Qanuna görə, sahiblik hüququ şəxsin əmlaka faktiki sahib olmasına imkan verən hüquqdur.

İstifadə hüququ isə əmlakın faydalı xüsusiyyətlərindən yararlanmaq, ondan gəlir, artım, bəhər və digər faydalar əldə etmək imkanını nəzərdə tutur.

Sərəncam hüququ mülkiyyətçiyə əmlakın hüquqi taleyini müəyyən etmək imkanı verir. Yəni şəxs qanunla müəyyən edilmiş hədlər daxilində öz əmlakını sata, bağışlaya, başqa şəxsə verə və ya onunla bağlı digər hüquqi əməliyyatlar həyata keçirə bilər.

Mülkiyyətçi öz əmlakına sərbəst şəkildə sahib ola və ondan istifadə edə bilər. Lakin bu hüquqlar həyata keçirilərkən digər şəxslərin hüquqları pozulmamalı və hüquqdan sui-istifadəyə yol verilməməlidir.

Qanunda həmçinin mülkiyyət hüququndan sui-istifadənin yolverilməz olduğu qeyd olunur. Şəxsin öz hüququndan başqalarına zərər vuracaq şəkildə istifadə etməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər.

Əmlakın idarə edilməsi başqasına verilə bilər

Mülkiyyətçi öz əmlakını etibarnaməli idarəçiyə verə bilər.

Lakin əmlakın etibarnaməli idarəçiliyə verilməsi həmin əmlaka mülkiyyət hüququnun idarəçiyə keçməsi demək deyil. İdarəçi əmlakı qanunda və müqavilədə müəyyən edilmiş qaydada idarə edir.

Qanunda üzərinə həbs qoyulmuş əmlakın da müəyyən edilmiş qaydada idarə olunması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulur.

Əmlakın saxlanması kimin üzərinə düşür?

Mülki Məcəlləyə əsasən, qanunda və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, şəxs özünə məxsus əmlakın saxlanması yükünü daşıyır.

Əmlakın təsadüfən məhv olması və ya zədələnməsi riski də qanunda və ya müqavilədə başqa qayda nəzərdə tutulmadığı halda mülkiyyətçinin üzərinə düşür.

Kimlər mülkiyyətçi ola bilər?

Məcəllənin 153-cü maddəsinə əsasən, daşınar və daşınmaz əmlakın mülkiyyətçiləri fiziki və hüquqi şəxslər, Azərbaycan Respublikası və bələdiyyələr ola bilər.

Qanunvericiliyə uyğun olaraq yalnız müəyyən şəxslərə və ya qurumlara məxsus ola bilən əmlak növləri də müəyyən edilə bilər.

Əmlakın fiziki və ya hüquqi şəxsin, Azərbaycan Respublikasının və ya bələdiyyənin mülkiyyətində olmasından asılı olmayaraq, mülkiyyət hüququnun əldə edilməsi, həyata keçirilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyən edilə bilər.

Qanunda həmçinin bütün fiziki və hüquqi şəxslərin mülkiyyət hüquqlarının bərabər müdafiə edildiyi təsbit olunur.

Günay