
5 gün əvvəl Ukraynanın Korrespondent.net saytında Beynəlxalq Tennis Federasiyasının (İTF) 2 azərbaycanlı hakimi cəzalandırdığına dair xəbər yayılıb.
Belə ki, xəbərdə Azərbaycanı təmsil edən hakimlər - Şirzad Həsənov və Arxip Molotyaqinin ötən ilin 7-9 sentyabrında İsrailin Tiberiya şəhərində keçirilmiş İTF Fyuçers tennis turniri zamanı bukmeyker kontorlarına canlı pul qoyuluşu edən adamla əlbir olduğu yazılıb. Əvvəllər də bu fırıldaqdan yararlandığı müəyyənləşən 2 şəxs buna görə də ömürlük cəzalandırılıb.


Lakin Qaynarinfo.Az kiçik araşdırma apararaq müəyyən edib ki, cəzalandırılan hakimlər Azərbaycanı yox, Özbəkistanı təmsil edirlər. Belə ki, İTF-nin saytında sentyabrın 14-də verilən bəyanatda da hakimlərin Azərbaycandan yox, Özbəkistandan olduğu müəyyən olunur.

Maraqlıdır ki, Korrespondent.net saytı bu xəbəri verərkən Ukraynanın İsport.ua saytına istinadla bu xəbəri verib. Ancaq sport.ua-nın müvafiq xəbərində də hakimlər özbəkistanlı olaraq qeyd olunub. Görünür, İsport.ua-dan olan həmkarlarımız səhvlərini sonradan düzəldib. Lakin digər portalda bu səhv düzəldilməyib.
Qaynarinfo.Az