
Müsavat Partiyası Lənkəran Təşkilatının ofisi boşaldılıb.
Bu barədə Qaynar.info-ya partiyanın Lənkəran Təşkilatından məlumat verilib.
Lənkəran müsavatçılarının verdiyi məlumata görə, ötən il qapısı daşla hörülmüş ofis boşaldılıb: "Müsavat Partiyası Lənkəran Təşkilatının ofsinin qapısı 2 ilə yaxın idi ki, daşla hörülmüşdü. Bu barədə mətbuata da məlumat vermişdik. Bu müddət ərzində ofisə daxil olmaq mümkün deyildi. Qərargaha yalnız qonşu otaqdan, polis məntəqəsinin yerləşdiyi otaqdan keçmək mümkün idi. Lakin o qapının da ötən il mismarlanaraq bağlanması ofisdəki əşyaların çıxarılması zərurətini yaratdı. Baxmayaraq ki, dəfələrlə ofisin bağlanmasına etiraz etmişdik. Təəssüf ki, rayon rəhbərliyi və aidiyyatı qurumlar tərəfindən müraciətlərimizə və çağrışlarımıza heç bir reaksiya verilmədi. Kitabların və avadanlığın, 2 il içəridə qalan partiya əmlakının xarab olmamasını nəzərə alıb Lənkəran biz - müsavatçıları polisin iştirakı ilə ofisin qapısını sındıraraq qərargahı boşaltmaq məcburiyyətində qaldıq".
Qeyd edək ki, 2014-cü ilin fevral ayında Müsavat Partiyası Lənkəran Təşkilatının yerləşdiyi ofisin qapısı daşla hörülüb.
Təşkilatın keçmiş sədri, Müsavat başqanın müşaviri Yadigar Sadıqov isə bu hadisələrdən bir müddət sonra həbs olunub.
Qaynar.info





