
Dünən Tehranın təxminən 78 minlik "Azadi" stadionunda dünya çempionatının seçmə mərhələsinin A qrupunda oyun keçirilib. Meydan sahibi İran Cənubi Koreyanı qəbul edib.
Qaynarinfo.Az xəbər verir ki, İran 25-ci dəqiqədə Rusiyanın "Rostov" klubunun türkmən əsilli hücumçusu Sərdar Azmunun vurduğu qolla 1:0 qalib gəlib.
Görüş Aşura gününə 1 gün qalmış (Tasua günü - red.) keçirildiyindən, stadion Kərbəla faciəsini xatırladan formada qara bayraqlarla bəzədilib. Oyun başlayarkən futbolçuların önündə dayanan uşaqların başlarına "Ya Hüseyn" sözləri yazılmış qara lentlər bağlanıb. Qolu iranlı fanatlar "Ya Hüseyn" qışqırmaqla qeyd edib.
Lakin ölkənin yarıdan çoxu (46%) heç bir dinə inanmayan qonaqlar bunu anlamayıb. Koreyanın "Suonsi Siti" klubunda çıxış edən kapitanı Ki Son Yon Tehranı böyük həbsxanaya bənzədib ki, bu da İran rəsmilərinin şikayətinə səbəb olub. 27 yaşlı yarımmüdafiəçi həmçinin idda edib ki, iranlı fanatlar onların üzərinə butulkalar və digər əşyalar atıblar.
Qeyd edək ki, bu nəticədən sonra İran 10 xalla lider, 1 xal az toplayan Özbəkistan isə II pillədədir. Cənubi Koreya isə III sıradadır.
Qaynarinfo.Az