İdman 13:11 22.07.2022

Nadir Qasımov: “Bu gün “Neftçi”də oynayanların birini də saxlamazdım”

Konfrans Liqasında iştirak edən klublarımıza inam böyük olsa da, ilk matçlarda özlərini doğrultmadılar. Həm "Zirə”, həm "Neftçi”, həm də "Qəbələ” birinci təsnifat mərhələsinin ilk qarşılaşmasında məğlub oldular. Bununla yanaşı, oyunları ilə ümid də vermədilər. Təmsilçilərimizin çıxışlarını kəskin qarşlayan mütəxəssislərdən biri də Nadir Qasımovdur. 

Qasımov Qaynarinfo-ya açıqlamasında bunları söylədi:

"Biabırçılıqdır, anlamıram, bunlar niyə belə transferlər edib, komandanı belə vəziyyətə qoyublar. Biabır olduq. "Qarabağ” kimi komandamız var. Özü də onların bu səviyyəyə necə çatmasını hamı görüb. Məgər dərs olmayıb? "Qarabağ”da Qurban Qurbanov işləyir. Qurban təsdiqlədi ki, ona mane olmasalar, işləyə bilər. Məncə, bu, digər klublarımıza da aiddir. Baş məşqçi sərbəst işləməlidir, onun sözü ilə oturub-durmalıdırlar. Əfsuslar olsun ki, futbolumuzda bu gün maneçilik var. Baş məşqçilərin işinə qarışırlar, onlara sərbəstlik vermirlər. Sonda da nəticələr belə olur. Baş məşqçi sərbəst olsa, özünü təsdiqləyə bilər. "Neftçi”dən hələ danışmıram, onlar biabırçı haldadır. "Qəbələ” ilə "Zirə”dən nəsə tələb eləmək bir qədər tezdir. Futbol çox qəliz oyundur. Meydançada 11 nəfər olur. Hamısı bir-birini başa düşməlidir. Bu da vaxt tələb edir. Ancaq "Neftçi”nin belə vəziyyətə düşməsini klubun prezidentindən tələb etmək lazımdır. Onlar ümumiyyətlə, futbola qarışmamalıdır. Bu adamlar hardan gəlib çıxıblar, başa düşmürəm. Klubun prezidenti Kamran Quliyev, görünür, işə birbaşa müdaxilə edir. Ona görə də baş məşqçi istədiyini həyata keçirə bilmir. Oyuna 1-2 ay qalmış transferlərlə məşğul olurlar. Budur ciddi transferlər? Komandanı birdən-birə dağıtmaq, baş məşqçini dəyişmək… Kim bunlara belə ağıl verib? Kimlərlə məsləhətləşiblər?”

Qasımov Samir Abasovla yolların ayrılmasının səhv addım olduğunu təsdiqlədi:

"Əlbəttə, səhv addım idi. Hər şeyin səbəbi var. Komandada birlik yaratmaq lazımdır. Futbolçu digər komanda yoldaşına hörmət, həm də ondan yaxşı oynamasını tələb etməlidir. İndiki mühit tam başqadır. Samirin qurduğu komanda hərdən yaxşı, bəzən pis oyun nümayiş etdirirdi. Amma indiki "Neftçi”dən daha yaxşı idi. Ailə yaratmaq, sonra nəsə tələb etmək lazımdır. Həmişə futbolçularıma da belə demişəm. Bu gün futbolçuların yaxşı yaşaması üçün hər bir şərait var. 10-15 il bundan əvvəl belə deyildi. İndi klub rəhbərləri məşqçilərin işinə mane olurlar. "Neftçi”nin baş məşqçisinin sözlərinə qulaq asdım. Deyir, "evdə belə edəcəyik, elə edəcəyik”. Meydançaya çıxırsan, səni döymürlər ki. Azarkeşdi, öz komandasını qələbəyə səsləyir. Sənin oyunçularına kimsə çıxıb nəsə etmir ki. Çıx, oyununu oyna da. Futbolçu da ona tamaşa edənlərin qarşısında məsuliyyət daşıyır”.

Mütəxəssis "Neftçi”nin yeni baş məşqçisinin işi ilə bağlı da fikirlərini bildirdi:

"Futbol görmədim. Elə bil ki, meydana hamı özünü göstərmək üçün çıxmışdı. Ümumi komanda oyunu görmədim. Bu gün 2 saat yatmışamsa, böyük şeydir. Bizləri futboldan uzaqlaşdırdılar. Budur yaratdıqları komandalar?”

Veteran futbolçu "Qarabağ”la digər klublar arasında olan uçurumun sonda Ağdam təmsilçşisinə də təsir edə biləcəyini vurğuladı:

"Azərbaycan çempionatının səviyyəsi, əlbəttə, "Qarabağ”ın oyununa maneçilik törədə bilər. Bu gün Qurbanın fikirləri, kollektivin işi özünü göstərir. Lazım olan oyunu ortaya qoya bilirlər. Lakin çempionatın səviyyəsinə görə komandanın oyununda sönmə baş verə bilər. Ümumiyyətlə, çempionat zəif olanda komanda formalaşmır. Bizim də çempionat gündən-günə, ildən-ilə zəifləyir. "Zirə”yə "Qəbələ”yə vaxt lazımdır. Əsas "Neftçi” və "Qarabağ”dan tələb olunmalıdır. "Qarabağ” ümidləri doğruldur. "Neftçi” isə hərdən dağın başına qalxır, sonra oradan yuvarlanıb düşür. Bütün bunlara görə təqsiri klub rəhbərliyində görürəm. Məşqçilər açıq danışa, sözlərini deyə bilmirlər. Hər məşqçi öz fikrini deyə bilsəydi, yaxşı olardı. Mətbuat özünü çox gözəl göstərir. Televeziyada oyunların təhlili aparılır. Amma yaxşı olardı ki, təhlil apararkən klubların rəhbərliyini bir qədər çox qınasınlar. Onların iç üzünü açsınlar. Peşəkar futbolçu bilir ki, hara gedir. Məsələn, mən bu gün "Neftçi”də oynayanların birini də saxlamazdım. Komandaya nə olmuşdu? Dünən vicdan əzabı çəkirdim. Heyətdə cəmi iki azərbaycanlı oynayır, bu nə deməkdir? Legioner gətirsinlər, ancaq yaxşı olsun. Bu qədər pulu onlara xərclməkdənsə, akademiyanı inkişaf etdirsinlər. 20 ildi akademiyalar var, işləyir? Hanı bəs o uşaqlar? Lobanovski "Dinamo”nun akademiyasını açanda, məşqçilərə plan vermişdi. Bütün aşağı yaş qrupları da eyni plan üzrə hərəkət edirdi. Uşaqlar əsas komandaya gəlib çatanda onlar artıq həm fiziki, həm də taktiki cəhətdən hazır olurdular. Bu gün Azərbaycan futbolu bərbad haldadır. Elə bilirlər ki, akademiya açıldı, məşq keçirildi, vəssalam, bitdi. Amma nə fiziki, nə taktiki cəhətdən hazır olurlar. Halbuki seleksiya edəndə, o uşağın həyatını, gələcəkdə futbolçu olub-olmayacağını düşünmək lazımdır. Yoxsa kiminsə atasının, babasının verdiyi 5-10 manata görə məşqçi öz adını bədnam etməməlidir. Götürdüyün uşağın gələcəyini görmək, onun fiziki durumunu, sürətli olub-olmamasını hiss etmək lazımdır. Bugünkü futbolun necə oynanıldığını bilirsiniz. Futbolda itirlən bir il, 10 ilə bərabərdir. Futbolçu 10 ilə hazırlanır. Əfsuslar olsun ki, bu gün böyük məktəb keçmiş, veteran futbolçularımız ağızlarına su alıb oturub. Gözləyirlər ki, kimisə çıxarıb onları dəvət etsinlər. Danışmaq, başa salmaq lazımdır. Gəlsinlər, kömək etsinlər. Biz, yəni, əvvəlki futbolçular o vaxt cəmi 100 dollara futbol oynayırdıq, amma belə deyildi. Dərdimiz böyükdür”.

Səbuhi Həsənov