
Sevinc Çılğın
Leksikonumuzu yavaş-yavaş tərk etməkdə olan namus sözünü düşünürəm. Nəyi ehtiva edir?
Son zamanlar bu sözün öz mənasından çox başqa mənalarda işləndiyini görürəm. Bu, düşünülmüş addımdı, yoxsa belə alınır?
Rüşvət almağı, haram qazanmağı, başqalarını müzakirə etməyi, şəxsi həyata müdaxiləni, hər cür alçaqlığı, rəzilliyi, yaltaqlığı və s. və s. halları da namus adı altında birləşdirmək cəhdlərini normal hesab eləmirəm. (Bununla kimsə özünə haqq qazandıra bilər, yaxud kimsə özünü inandıra bilər.) Çünki rüşvət almağın da, haram qazanmağın da, yuxarıda sadaladığım hər şeyin öz adı var. Bəlkə dediklərimiz əxlaq (yaxud əxlaqsızlıq) başlığı altında birləşə bilər. Amma namus elə namusdur.
Namus şərəfdi – insanı əxlaqsızlıqdan qoruyan şərəf. Namus ləyaqətdir. Özünü nəfsinə qurban etməməkdir. Keçici, heyvani həvəslərə “yox” deməyi bacarmaqdır. Başqalarının qabağında gözükölgəli olmamaqdır. Namus özünü, qadınını, övladını cismani kontrolsuzluqdan qorumaqdır. Namus çörəyini bədənindən qazanmamaqdır. Bədənini alış-veriş meydanında satmamaqdır. Namus bədəninə, hisslərinə sahib çıxmaqdır.
Bir qadın üçün namus hər səhər başqa yataqda oyanmamaqdır. Kol dibində, samanlıqda, otel otaqlarında, bir gecəlik kirayələnmiş “qonaq evlərində” sekslə məşğul olmamaqdır. Ərinə, sevdiyin kişiyə xəyanət etməməkdir. Sevişdiyin kişilərin sayını itirmək namussuzluqdur. Sonra başına döysən belə geri dönməyəcək ismətdir.
Bir kişi üçün namus qadınına sahib çıxmaqdır. Ona bir kişidən ala biləcəyi enerjini, sevgini, həzzi ötürüb, bütün insanların onun gözündə cinsindən asılı olmadan sadəcə adam bilməsinə nail olmaqdır. Qızını tərbiyəli, abırlı böyütməkdir. Həyatındakı qadınların gözündə fərli oğul, ən yaxşı kişi, ideal ata ola bilməkdir. Bizim kimi xəstə cəmiyyətdə, küçədə qıza, qadına söz atmaqdan, sataşmaqdan, zorlamaqdan çəkinməyən kişiciklərin gen-bol olduğu toplumda öz anasını, bacısını, xanımını, qızını, hətta bəzən yad qadınları müdafiə etməkdir. Və o kişiciklərdən biri olmamaqdır namus.
Namus ibtidai icma quruluşunda yaşayan adamlar kimi düşünməməkdir.
Namusun mahiyyəti budur. Ya namuslu olmaqdan məmnun olacaqsan, ya da namussuzluğu boynuna alıb bu adla razılaşacaqsan. Namusunu qoruya bilməmisənsə, sənə namussuz deyəndə əsəbiləşməməlisən. “Rüşvət almıram, xalqın cibinə girmirəm, yaltaqlanmıram” deməklə deyil. Bunları etmirsənsə, əxlaqlısan, nə gözəl. Amma evinin içində qızını qorumağa gücün çatmırsa, qadının xəyanətlərin sayını itiribsə, boynuna al – namussuzsan! Burda nə var ki? Axı sən müasir insansan, bu həyat xoşuna gəlirsə, səninçün normaldır. Ancaq belə olub da başqa cür görünmək istəyin anormallıqdır.
Mədəni, dünyəvi, ziyalı görünmək arzusu başa düşüləndir. Amma kontekstdən kənarda heç də hər şey öz mənasında və yerində olmur. Yaşadığımız ölkə, bir parçası olduğumuz cəmiyyət, doğulduğumuz ailələr, qanımızda daşıdığımız nələrsə var, mütləq var!
Namus buynuzlu olmamaqdır.
Hər şeyin bir adı var. Gəlin hər şeyi öz adıyla çağıraq. Namus elə namusdur!
Teleqraf.com