Ekonomiks 12:10 25.10.2022

Natiq Cəfərlidən “tıxac təklifləri”: Problemdən çıxış yolu var...

İqtisadçı ekspert Natiq Cəfərli Bakıda tıxac probleminin həlli yollarını açıqlayıb.
 
Qaynarinfo-nun məlumatına görə, ekspert bildirib ki, tıxac probleminin köklü həlli ancaq sistem və idarəetmə fəlsəfəsinin dəyişməsindən, Bakının yükünün azaldılmasından, iqtisadi-sosial fürsətlərin ölkə üzrə bərabər yayılmasından keçir. Onun fikirincə, bu çox ciddi zaman alan məsələlərdəndir.
 
Natiq Cəfərli hesab edir ki, bu gün tıxacların verdiyi zülmü, zaman və əsəb itkisinin öhdəsindən xalq özü gəlməlidir. Ekspert tıxacla bağlı problemin həllini belə açıqlayıb:
 

 
"1. Parklanma məsələsi – aydındır ki, şəhərdə böyük problemdir. Amma heç olmasa ikinci, hətta üçüncü cərgədə maşını park edib qəza işıqlarını yandırıb harsa getməyin.
 
2. Əsas yolda sürən sürücülərin yol üstünlüyündən istifadə etmək hüququ – bu ayrıca bir dərddir. Məsələn, Bayıl tərəfdən, Gülüstan Sarayı tərəfdən gəlirsən və hər gün eyni mənzərə görürsən- üzü Mehdi Hüseyn küçəsi tərəfdən gələn və Prezident Aparatına tərəf dönməli olan sürücülərin yol üstünlüyü var. Qanun onların tərəfindədir, sən dayanıb gözləyirsən, amma elə bir an yaranır ki, heç kəsə mane olmadan sürüb keçə bilərsən, elə bir pəncərə yaranan kimi yuxarıdan gələn sürücü bunu hiss edir, dərhal sürəti artırır ki, sən keçə bilməyəsən və bundan həzz almış kimi gülümsəyərək yanından keçir. Ay insan, sabah sən də eyni vəziyyətə düşücəksən də, niyə belə edirsən axı, əksinə, sürəti bir az da azalt, qoy bir yox, iki-üç maşın sən çatana qədər yolu keçə bilsin.
 
3. Zolaqlar məsələsi – bu da ağır dərddir. Tez-tez zolaq dəyişən sürücülərə sözüm odur ki, əks-effekt yaranır, istədiyin yerə, tam tərsi, daha gec çatırsan. Çünki hər zolaq dəyişmək üçün etdiyin manevr yolda ümumi sürəti bir az da azaldır, tıxac daha da artır və sən tez çatmaq istədiyin yerə daha gec çatırsan.
 
4. Piyada zolaqları məsələsi – əziz piyadalar, sevgili xalq, yerüstü "zebralardan” keçmək sənin haqqındır, hüququndur. Sən üstünsən, qanun da sənin tərəfindədir, amma bəs məntiq və həmrəylik?! Çatırsan piyada zolağına yolu telefonla danışa-danışa keçənləri hələ qoydum bir kənara, görürsən bir nəfər piyada həmən ayağını zolağa basır ki, sən dayanasan, əla haqqı var adamın, amma əziz insan, sən çatdın zolağa, 3-5 saniyə gözlə, heç olmasa, 3-5 nəfər də yığılsın, birdən keçin yolu, bir yerdə keçin. Bu yollarda maşın axınının sürətinə müsbət təsir edəcək, tıxac zülmünü azaldacaq”.

Bahar