Xəbər lenti

Natiq Əliyev Rövnəq Abdullayevlə toqquşdu
Ölkə 20:41 05.08.2013

Natiq Əliyev Rövnəq Abdullayevlə toqquşdu

“Xətai Tikinti Mexanizasiya” ASC Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Təhlükəsizlik İdarəsini məhkəməyə verib.

Virtualaz.org-un özəl mənbələrdən əldə etdiyi məlumata görə, ASC ARDNŞ-in idarəsi qarşısında borc iddiası qaldırıb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Bakı Apelyasiya Məhkəməsi aktı ləğv edərək yeni qətnamə qabul edib. İşə hazırda Ali Məhkəmədə baxılır.

Qeyd edək ki, “Xətai Tikinti Mexanizasiya” ASC-nin payçılarından biri (əslində isə faktiki sahibi) sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevdir. Mətbuatda indiyə qədər yer alan məlumatlara görə, “Xətai Tikinti Mexanizasiya” ASC-nin nəzarət səhm zərfləri Sənaye və Energetika Nazirliyində yüksək vəzifə tutan Ramiz Rzayevə yaxın şəxslərin adınadır. ASC-ni faktiki olaraq o idarə edir.

Amma R.Rzayev əslində sadəcə görüntüdür. ASC-nin real sahibi sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevdir. Sadəcə nazir ehtiyatlı davranaraq oğlunun səhm paketinə rəsmən sahib çıxmasına imkan verməyib, səhmləri özünə yaxın şəxslərin adına sənədləşdirib. Oğlu Fərhad Əliyevin adına isə səhmlərin yalnız 10 faizini rəsmiləşdirib.

ARDNŞ-in sosial obyektlərinin tikintisi ilə məşğul olan trestin bazasında yaradılmış sözügedən ASC məhz N.Əliyevin Dövlət Neft Şirkətinə rəhbərlik etdiyi illərdə özəlləşdirilib. 2006-cı ilə qədər, yəni Rövnəq Abdullayev ARDNŞ-in prezidenti təyin olunana qədər ASC Dövlət Neft Şirkətinin iri məbləğli sifarişlərini yerinə yetirib. Ancaq 2006-cı ildən, yəni Rövnəq Abdullayev ARDNŞ-in prezidenti vəzifəsinə qoyulandan sonra ASC də uğursuzluqlar zolağına düşüb.

Bəzi məlumatlara görə, N.Əliyevlə R.Abdullayevin münasibətləri sərin olduğu üçün bu, şirkətlərarası əlaqələrə də təsirsiz ötüşməyib. ARDNŞ hətta məhkəmə qərarlarının olmasına baxmayaraq ASC-yə olan borclarını ödəmir. Bununla belə, fəaliyyətsiz olan ASC-nin əmlakının talan edilməsi və kiçik səhmdarların oyundan çıxarılması prosesi bu günə qədər davam edir.

ASC-nin ARDNŞ-in Təhlükəsizlik İdarəsinə qarşı iddiasını irəli sürdüyü borcun dəqiq məbləği açıqlanmır. Amma söhbət külli miqdarda vəsaitdən gedir.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->