(İlk xəbər 10.02-də verilib)
Dünən Naxçıvandan Bakıya təyyarə reysi təxirə salınıb və onlarla insan hava limanında gecələmili olub.
Qaynarinfo-nun məlumatına görə, bu barədə türk jurnalist Cabbar Şıktaş məlumat verib.
O, hava limanındakı vəziyyətdən yazıb: "Belə rəzalət heç vaxt görməmişdim. Bakıya getmək üçün saat 23:45-də Naxçıvan Hava Limanında təyyarəyə mindim və həmin vaxt uçmalı idik. Təyyarə boş yer olduğundan bir saata yaxın gözləməli olduq. Yəni bu saat ərzində sərnişinlərin gəlişini izlədik. Biz türk sərnişin olduğumuz üçün etiraz etmədik, lakin Naxçıvandan Bakıya uçan sərnişinlər bu vəziyyətə etiraz etdilər.
Sərnişinlərin etirazını görən pilot anons verərək, "Uçmayacağam, təyyarədən enib evinizə gedin” dediyi üçün saatlarla təyyarədə gözləməli olduq.
Məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilmədi. Nə rəsmi şəxs qarşımıza çıxıb nəsə dedi, nə də vətəndaşa başa salan olmadı ki, reys niyə təxirə salındı? Körpələr, uşaqlar, qadınlar, qocalar acınacaqlı şəkildə taleyin ümidinə buraxılıb, hava limanında gecələməli oldular. Hazırda hava limanının gözləmə zonasındayıq. Nə gələn var, nə də gedən”.
"Azərbaycan Hava Yolları” QSC-də İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilova Qaynarinfo-ya bildirib ki, məsələ ilə bağlı açıqlama verə bilməyəcəklər:
"Çünki Naxçıvan Hava Limanı bizim tabeçiliyimizdə deyil. Ona görə də, sözügedən limanla əlaqə saxlamağınız tövsiyyə edilir”.
***
AZAL Naxçıvan reysinin təxirə salınmasının səbəbini açıqlayıb. Qurumdan Qaynarinfo-ya verilən açıqlamada deyilir:
"Sorğunuza cavab olaraq bildiririk ki, ötən gecə Naxçıvandan Bakıya yerinə yetirilən J2-2158 reysinin bir sıra sərnişinləri uçuşun təhlükəsizliyini şübhə altına alan tərzdə hərəkət nümayiş etdiriblər. Təyyarə kapitanı başda olmaqla, uçuş heyətinin ictimai asayişi pozan sərnişinləri sakitləşdirməsinə baxmayaraq, onlar ekipajın tələblərinə tabe olmayıblar.
Bununla əlaqədar, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) tövsiyələrinə, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 944-IIQ nömrəli "Aviasiya haqqında" Qanununa və normativ hüquqi sənədlərinə əsasən hava gəmisi kapitanı uçuşun təhlükəsizliyini təmin etmək məqsədilə həmin reysin yerinə yetirilməsini təxirə salıb. Yaşanan hal nəzarətə alındıqdan sonra təyyarə Naxçıvandan Bakıya yola düşüb".
Əhməd