"Operativ Qərargaha və Milli Məclisə şifahi, ardınca da yazılı sorğu ilə Naxçıvana təyyarə reyslərinin açılması ilə bağlı rəsmi müraciət etmişəm”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. Deputat vəziyyətin dözülməz olduğunu qeyd edib:
"Bu gün də yeni müraciəti imzalayıb göndərdim. Vəziyyət dözülməzdir, istirahət üçün getmək istəyənlər lütfən gözləsinlər, orada və burada üç aydır qalmağa məhkum olmuş insanlara, xəstələrə, uşaqlara öncüllük tanımaqla sərnişinləri dərhal daşınmalıdır. Təbii ki, karantin qaydalarının tələblərini gözləməklə. Düşünürəm ki, həm Naxçıvanda, həm də burada dövlətin xüsusi işçi qrupu yaradılmalıdır. Həmin qrup yaxın 10 günə bu gediş-gəliş məsələlərini, hər iki tərəfdən ardıcıllıqla gedəcək adamların siyahısını tərtib etməlidir”.
Deputat bildirib ki, bu insanların hava limanına çatdırılması üçün xüsusi nəqliyyat vasitələri ayrılmalıdır:
"Bilet almağa imkanı olmayan insanlara bileti dövlət təmin etməlidir. Çünki çoxusunun cibində pulu qalmayıb. Karantin müddətini keçmələri üçün də xüsusi yer ayrılmalıdır. Hər dəfə oradakı, buradakı çıxılmaz, imkansız vəziyyətdə qalan naxçıvanlılarla danışanda təsəlli üçün söz də tapa bilmirəm”.
Bahar Rüstəmli