Kənd Təsərrüfatı Nazirliyinin hesabatına əsasən, ayrı-ayrı şəxslər dövlət müəssisələrinə bitkiçilik və heyvandarlıq üçün daimi istifadəyə verilən torpaqlardan qanunsuz olaraq istifadə edir.
Ümumilikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki müəssisələrə daimi istifadə üçün təhkim olunan dövlət mülkiyyətindəki torpaqların 2606,73 hektarı zəbt olunub, 18438,41 hektarı isə qanunsuz icarəyə verilib.
Ağstafa rayonu ərazisində fəaliyyət göstərən Ağstafa “Dilbaz” Atçılıq DKTİM MMC-yə məxsus 947 hektar torpaq sahəsinin 15 hektarı 2000-ci ildə zəbt olunub, 932 hektarı isə 2011-ci ildə Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq 5 nəfərin icarəsinə verilib.
Bu rayondakı digər təsərrüfatdan da heç nə qalmayıb: Ağstafa rayon atçılıq zavoduna məxsus 600 hektar torpaq sahəsinin 570 hektarı “Ağstafa süd” kompleksinə verilib, 30 hektar isə zəbt olunub.
Ağstafa RİH-in sərəncamı ilə M.Mikayılov adına DKTİM MMC-yə məxsus 3465 hektar torpağın 260 hektarı icarəyə verilib.
Hesabatda deyilir ki, dövlət kənd təsərrüfatı müəssisələrinin torpaqlarından qanunsuz istifadəyə Dövlət Sərhəd Xidməti (DSX) də qoşulub. SSX-nin sərəncamı ilə Beyləqan rayonunun ərazisindəki “Dostluq” dövlət damazlıq təsərrüfatının 201 hektar torpağında aerodrom tikilir.
Kənd Təsərrüfatı Nazirliyi bu qanunsuzluqların qarşısının alınması üçün Nazirlər Kabinetinə və məhkəmə orqanlarına müraciət edib//“Turan”
Qaynar.info