Xəbər lenti

Nə islamçılıq, nə liberalizm, nə millətçilik, nə də solçuluq... - ÇAĞIRIŞ
Ölkə12:25 18.08.2014

Nə islamçılıq, nə liberalizm, nə millətçilik, nə də solçuluq... - ÇAĞIRIŞ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avqustun 17-də "Ümid" Partiyasının qərargahında Milli Fikir Mərkəzinin rəhbəri  Şəhriyar Məcidzadənin lektorluğu ilə "Etatizm və Cəmiyyət" seminarı keçirilib. 

Qaynar.info-nun məlumatına görə, tədbirdə 50-dən çox gənc iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsindən sonra tədbir açıq elan edilib. 

Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə Azərbaycanın cəmiyyət olaraq hazırda çətin durumda olmasını və yeganə çıxış yolu kimi Etatizm düşüncəsini gördüyünü bildirib: 

“20 Yanvar faciəsinin yaşandığı ölkədə insanların solçuluqdan və kommunizmdən danışması yersizdir. Azərbaycan insanından kommunist düzəltməyə çalışmaq yersizdir. Onsuz da Azərbaycan insanı manifestində “ümumi həyat yoldaşı” anlayışı olan bir düşüncəni heç bir zaman qəbul etməz. Kommunist manifestində qadınların paylaşılması da yazılıb. Hansı Azərbaycan kişisi buna razılaşar?"

Təşkilat rəhbəri Azərbaycanın çıxış yolunun nə islamçılıqda, nə liberalizmdə, nə millətçilikdə, nə də solçuluqda olduğunu deyib:  “Cəmiyyətimizin islam qaydaları ilə idarə olunduğu dövrləri tarixdən oxumuşunuz. Molla Nəsrəddinin bu qədər populyar olmasının səbəbi həmin islamçı cəmiyyətdir. İndi hansı islam hakimiyyətindən danışırlar? Azərbaycanda 1918-1920 ci illərdə liberal hakimiyyət mövcud idi. Nə dəyişdi? Nəyi qoruyub saxlaya bildilər? Elə liberal hakimiyyət olduğu üçün həmin dönəmdə ermənilərlə mübarizə aparıldığı bir zamanda ermənilərə 6 nazirlik verilmişdi. 1920-ci ildən sonra düz 71 il Azərbaycanda kommunist rejim hakimiyyətdə olub. Onlar nə etdilər? Bu xalqın ən dəyərli insanlarının nəslini kəsdilər, repressiyalara məruz qoydular. Bizə nə kommunist,nə islamçı nə də liberal cəmiyyət və üsul-idarə lazım deyil”.

Mili Fikir Mərkəzinin sədri Ş.Məcidzadə hər hansı bir partiyaya bağlı olmaları ilə bağlı verilmiş sualı da cavablandırıb: “Biz heç bir partiyanın üzvü və ya davamçısı deyilik, heç olmayacağıq da.  Bəs nəyə görə "Ümid" Partiyasının ofisinə toplaşmışıq? Ona görə ki, toplaşmağa başqa yerimiz yoxdur. Ona görə ki, qrant almırıq, kiminsə qabağında əyilib bükülmürük. Partiyalara gəldikdə isə  Azərbaycandakı bütün partiyalar buraxılmalıdır. Heç birinin cəmiyyətə əhəmiyyəti yoxdur”.

Etatizm düşüncəsinin təbliğatçısı olan təşkilatın rəhbəri bütün gənclərə çağırış edib: “Bizə görə insanların milliyəti yox vətəndaşlığı var. Yaxşı vətəndaş var, hüquqlarını bilən vəzifələrini yerinə yetirən vətəndaş var. Bir də bunlara əməl etməyən pis vətəndaş var. Milliyətindən, siyasi və ideoloji baxışından asılı olmayaraq hər kəs bizim üçün birdir. Solçuluq, millətçilik və islamçılıq bizi birləşdirən dəyər deyil, bunlar bizi ayıran amillərdir. Bizi birləşdirən şeylər hamımızın gənc olmasıdır. Burdan bütün gəncliyə səslənir və hər kəsi Etatizm ətrafında birləşməyə dəvət edirik”.

Tədbirdə iştirak edən gənclərin suallarının cavablandırılmasından sonra tədbir başa çatıb.

Qaynar.info