"Neftin dünya bazar qiyməti yenidən 7 faiz bahalaşıb. Rusiya Ukrayna müharibəsi fonunda neft bazarında ciddi çaşqınlıq müşahidə olunur. Brent markalı neftin bir bareli 112 dollar təklif olunur. Bu, Azərbaycan neftinin 115 dollardan baha satılacağı anlamına gəlir”.
Qaynarinfo xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, gündəlik 12 milyon barel neft hasil edən Rusiya istehsalı ilə enerji bazarında qiymətlərə təsir edən dövlətlərdəndir:"İnvestorlar genişlənən sanksiyalar fonunda Rusiyanın neft ixracatında dayanmaların olacağından və "qara qızıl" qıtlığının yaranacağından ehtiyatlanırlar. Bu da neftin qiymətinə xüsusi təzyiq yaradır. Bununla belə, müharibə yalnız qiymətləri artırmır, eyni zamanda neft bazarında "köpüklər" yaradır. Bu "köpüklər" isə hər zaman partlaya bilər”.

Vüqar Bayramov bildirib ki, qiymətlərin kəskin artımı iqtisadi deyil, psixoloji və siyasi faktorlar ilə bağlıdır: "Doğrudur, Rusiyaya qarşı sanksiyalar genişlənsə neft bazarındakı gərginlik hələ bir müddət müşahidə olunacaq. Amma neftin qiyməti mühairbənin başlamasına verdiyi reaksiyanı əks olaraq savaşın bitməsinə də verə bilər. Bu halda yenidən neftin qiymətləri ucuzlaşa bilər. Bununla belə, mövcud status-kvo neftin qiymətlərinin artmasını şərtləndirir. Amma neft bazarında uzun müddətli dayanıqlıqdan və stabillikdən danışmaq hələlik mümkün deyil”.
Bahar Rüstəmli