
"Neftçala rayon maliyyə idarəsində yoxlamalar aparılıb"
"Bir müddət əvvəl Neftçala rayon maliyyə idarəsində yoxlamalar aparıldı. Ancaq yoxlamaların nəticələri ictimaiyyətə açıqlanmadı. Gözlənilirdi ki, rayon maliyyə idarəsinin müdiri Rəşid Manafovla bağlı ciddi tədbir görüləcək. Çünki idarədə ciddi korrupsiya faktları və maliyyə maxinasiyalarının olduğu bildirilirdi. Lakin bu baş vermədi. Rayonun "ikinci şəxs"i kimi bütün işlərin başında dayanan Rəşid Manafov isə hansısa qüvvələrin köməyi ilə bu əməliyyatdan xilas ola bildi".
Bu barədə Qaynar.info-nun elektron ünvanına daxil olan məlumatda bildirilir. Məlumatda o da vurğulanır ki, faktiki olaraq, bu gün rayonu Rəşid Manafov idarə edir: "Rayonun icra başçısı İsmayıl Vəliyev maliyyə idarəsinin müdirinə bütün səlahiyyətləri verib. Ona görə də rayonun bütün idarə müdirləri məhz Manafovun göstərişi ilə hərəkət edirlər.
Bundan başqa, R.Manafov rayondakı bütün idarələrdə, xüsusən də təhsil müəssisələrində "yeni iş yerləri" açır, "ştat alveri" ilə məşğuldur. Bu işdə isə ona ən çox yardım edən təhsil şöbəsinin müdiri Əjdər Kərimovdur. Hazırda hər iki qurumda ciddi rüşvət və korrupsiya faktları mövcuddur".
Xatırladaq ki, bir müddət öncə mediada Neftçala rayon Maliyyə İdarəsində 7 milyon manatlıq maliyyə yeyintinin qeydə alınması ilə bağlı xəbərlər yayılmışdı. Məlumatlarda rayona ayrılmış pulların böyük bir qisminin mənimsənildiyi iddia edilirdi. Həmçinin iddia edilirdi ki, Neftçala rayonunda həyata keçirilən işlərlə bağlı dövlət büdcəsindən ayrılmış pulların bir qismi icra başçısının göstərişi ilə idarə rəhbəri Rəşid Manafov mənimsəyib. Bu pulların hara xərcləndiyi ilə bağlı sənədlərdə isə rəqəmlər süni olaraq şişirdilib. Rayon rəhbərliyi və maliyyə idarəsinin rəisi Rəşid Manafov isə bununla bağlı heç bir açıqlama verməmişdi.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Qaynar.info