"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Gəncədə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının X tur matçında meydançanın ot örtüyündən narazı qalıb.
Qaynarinfo xəbər verir ki, rumın mütəxəssis bu barədə oyundan sonra mətbuat konfransında deyib.
"Bizim üçün çox vacib 3 xal qazandıq. Asan meydança, asan stadion deyildi. Otun hündürlüyü normadan artıq idi. Bu səbəbdən də istədiyimiz oyunu göstərə bilmirdik. Top hər dəfə ləngiyirdi. Eyni zamanda, bizim üçün çox ağır həftə oldu. Bir neçə oyunçumuz zədələndi. Bəzən 14 oyunçu ilə məşq keçmək məcburiyyətində qalmışdıq. Oyundan əvvəl Azər Əliyevi də itirdik. Buna görə sistemi də dəyişməli olduq. Bütün bunları nəzərə alaraq, 3 xal qazandığımız üçün şadam”, deyə Regekampf bildirib.