Xəbər lenti

“Neftçi”nin məşqçisi “Böyük Zəfər” xatirə medalı ilə təltif olundu
İdman 16:45 22.07.2024

“Neftçi”nin məşqçisi “Böyük Zəfər” xatirə medalı ilə təltif olundu

"Neftçi” Futbol Akademiyasının məşqçisi İslam Kərimov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən "Böyük Zəfər” xatirə medalı ilə təltif olunub. 

Qaynarinfo xəbər verir ki, UEFA-nın "A” kateqoriyalı məşqçilik lisenziyasına malik olan Azərbaycan Respublikasının Əməkdar məşqçisi bununla bağlı təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb:

"Mən könüllü olaraq 1992-1993-cü illərdə Qarabağda – Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun dəstəsində döyüşmüşəm. Həmin 1 il ərzində dəfələrlə ağır döyüşlərdə iştirak etmişəm. Buna görə də dövlətimiz tərəfindən mükafatlandırılmışam. "Qarabağ müharibə veteranı” və "Milli Ordu-100” medalları ilə təltif olunmuşam. 26 İyul – Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirdə isə qərara gəldilər ki, məni "Böyük Zəfər” medalı ilə də təltif etsinlər və elə bu gün təltif olundum. Bu mənim üçün qürur hissidir. Çünki bir vətəndaş kimi cəmiyyətdə böyük rol oynamışam. Həm də "Neftçi” klubunu təmsil etdiyim üçün fəxr edirəm. Bu zəfərə görə ilk növbədə Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Artıq bizim torpaqlarımız adaz olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ona görə də mən bu gün bu medalı böyük qürur hissi ilə gəzdirirəm. Bildiyiniz kimi, 1992-ci ilin yanvarından indiyə kimi qısa fasilələrlə "Neftçi”də çalışıram, 3 il Azərbaycan U-17 milli komandasının baş məşqçisi olmuşam. "Neftçi” mənim həyatımdır. Burada mənə verilən dəyərə görə klub rəhbərliyinə, "Neftçi” camiəsinə təşəkkür edirəm. Bu medal nəinki mənə, "Neftçi” klubuna da verilən dəyərdir. Çünki mən müharibəyə "Neftçi”nin işçisi kimi getmişdim. Avtomatımın üzərində də "Neftçi” Futbol Klubu” yazılmışdı”.

Qeyd edək ki, AFFA-nın bayrağı altında keçirilmiş yarışlarda 10 dəfə qızıl, 9 dəfə gümüş, 8 dəfə bürünc medallara layiq görülmüş mütəxəssis Bakı birinciliyinin səkkizqat, "Sabahın ulduzları”nın isə beşqat qalibidir. 2002-ci ildə U-17 milli komandası ilə Azərbaycan futbolu tarixində ilk dəfə Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanmış Kərimov 2005-ci ildə "Neftçi”nin U-15 komandası ilə İtaliyada, U-12 komandası ilə Gürcüstanda, 2007-ci ildə "Neftçi”nin U-17 komandası ilə İzmirdə keçirilmiş beynəlxalq turnirlərin qalibi olub. Azərbaycanda ilk dəfə 6 yaşlı futbolçuların layihəsini də məhz 2017-ci ildə "Neftçi”nin məşqçisi İslam Kərimov təşkil edib. Premyer Liqaya ən çox futbolçu bəxş etmiş məşqçi kimi 2017-ci ildə PFL-in "Fəxri fərman”ı ilə mükafatlandırılıb. Təcrübəli mütəxəssis müharibə veteranı kimi prezident təqaüdçüsüdür.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->