"Neftçi" ilə "Türk Hava Yolları” arasında başa çatan brend əməkdaşlıq müqaviləsinin müddəti uzadılıb.
Qaynarinfo xəbər verir ki, qardaş Türkiyənin dünya markası daha 1 il "Neftçi"yə dəstək verəcək. Şirkətlə bağlanmış yeni müqaviləyə əsasən, "Türk Hava Yolları” "Neftçi”nin titul sponsoru olmağa davam edəcək.
Müqaviləyə görə həm əsas, həm də əvəzedici komandaların oyun və məşq formalarının üzərində yenə şirkətin loqosu öz əksini tapacaq. Komandaya məxsus təlim-məşq bazası "Türk Hava Yolları Futbol Mərkəzi” adını daşıyacaq. Bundan əlavə, kluba məxsus "Neftçi TV” və sosial şəbəkələrdə, o cümlədən bilbordlarda, çap materiallarında, biletlərdə, dəvətnamələrdə və digər məlumat məhsullarında qardaş ölkənin aviaşirkətinin loqosu yerləşdiriləcək.
1933-cü ildə yaradılmış, həmin vaxt beş təyyarədən ibarət olan "Türk Hava Yolları” aviaşirkəti hazırda "Star Alliance” beynəlxalq alyansın üzvüdür. 128 ölkədə 278 beynəlxalq və 50 daxili olmaqla 328 istiqamət üzrə uçuşlar həyata keçirən 373 (sərnişin və yük) təyyarə parkına malikdir.
Şirkət 2018-ci ildən Azərbaycan futbolunun flaqmanı "Neftçi”yə maddi və mənəvi cəhətdən öz dəstəyini verir.
Səbuhi Həsənov