"Neftçi”nin aşağı yaş qruplarında işləyən Emin Salmanov bir neçə gün öncə klubdan qovuldu. Təbii ki, uzun müddətdir flaqmanda balacalara futbolun sirlərini öyrətməyə çalışan, klub üçün futbolçu yetişdirən Salmanov haqda qəfil uzaqlaşdırma qərarı çıxarılması təəccüblü idi. Məsələ ilə bağlı suallarımız olduğu üçün elə məşqçinin özünü axtarıb tapdıq.
Salmanov Qaynarinfo-ya açıqlamasında "Neftçi”dən qovulmasına belə münasibət bildirdi:
"Açığı, mənə də təəccüblü gəldi. Səbəbini bilmədim. Sadəcə olaraq bir kəlmə dedilər: "İşdən azadsınız". Konkret səbəb göstərmədilər. Soruşdum ki, hansısa bilmədiyim səbəblər varsa, göstərin. Dedilər, başqa səbəb yoxdur, sadəcə iş metodunuz və prinsipiniz uyğun gəlmir. Düzdür, sizin dediyiniz suallar mənim də beynimdə var. Amma dərinə getmirəm. Belə xasiyyətim var, məni istəmirlərsə, çox dərinə getmirəm. Klubdan soruşun, bəlkə səbəbini sizə deyəcəklər. Uzun müddətdir "Neftçi"də işləyirdim. Əlbəttə, buna görə üzülürəm, amma nə deyim ki? "Neftçi"də işlədiyim müddətdə 12 yaşlılarla çempion olmuşam. Müxtəlif vaxtlarda 2 və 3-cü yerləri də tutmuşam. Medallar qazanmışıq. Heç vaxt 3-cü pillədən aşağıda olmamışıq. Mənə tutarlı səbəb göstərmədilər. Sadəcə, dedilər ki, azadsan. Əlbəttə, çox üzüldüm, 15 ildən çoxdur ki, "Neftçi"də çalışırdım. Mən belə başa düşürəm ki, Allah hər şeyi öz yerinə qoyacaq".
O, gələcək karyerası ilə bağlı bunları dedi:
"Başqa təklif yoxdur. Ancaq iş axtarmağa başlayacağam. Biz məşqçilərin başqa sənəti yoxdur. Haradasa çalışaram yəqin ki. Komanda taparam ya yox, bunu Allah bilər. Ancaq dəqiq heç nə yoxdur. Çalışıb komanda tapacağam Allahın köməkliyi ilə. Sizə də maraqlandığınız üçün minnətdaram”.
Açıqlamalarından hiss olunur ki, Salmanov "Neftçi”dən incik ayrılsa da, başına nələr gəldiyini bölüşmək istəməyib. Hər halda bir məşqçinin 15 ildən çox çalışdığı klubdan sadəcə, "iş prinsipi uyğun gəlmədiyinə” görə göndərilməsi, açığı bir qədər inandırıcı görünmür. Hər halda biz Salmanovun fikirlərini dinlədik...
Məsələ ilə bağlı "Neftçi”nin sözçüsü Rüstəm Allahverdiyev isə bunları söylədi:
"Bu, sırf akademiyada aparılan təkmilləşdirmə işləri ilə əlaqədardır. Akademiya rəhbərliyinin qərarı olub ki, məşqçi ilə yollar ayrılsın. Qərar belə olub. Hardasa yazılmayıb ki, kimsə ömrünün sonuna qədər "Neftçi”də çalışacaq. Dünyada belə bir qayda yoxdur. Akademiyada yeni rəhbərlik, koordinator var. Danışılıb və ümumi qərar belə olub ki, məşqçi ilə yollar ayrılsın. Artıq yeni məşqçi də gətirilib. Bu ciddi şəkildə müzakirə ediləsi məsələ deyil. Müəyyən nüanslar ola bilər, bəlkə nələrsə rəhbərliyin xoşuna gəlməyib və belə dəyişiklik edilib”.
Səbuhi Həsənov