Neft şirkətlərinin birində çalışan italyan mütəxəssisin övladı Lorenzo Mezzoteronun "Neftçi”nin uşaq komandalarında istismar olunmasını bir müddətdir gündəmdən düşmür.
Sport7.az-ın qaldırdığı problem ictimaiyyətdə geniş rezonans doğurub, mətbuatın və azarkeşlərin diqqətini cəlb edib.
Söhbət təkcə 10 yaşlı uşağın bir həftə ərzində üç komandada oynadılması, süni örtük üzərində onun sağlamlığının təhlükəyə atılmasından getmir. Lorenzo eyni anda üç komandada çıxış etməklə "Neftçi”nin uşaq komandalarını çalışdıran məşqçilərin nəticə dalıyca qaçmasına şərait yaradır, azərbaycanlıların övladlarının önünü kəsir. Biz onun istedadlı olmasını inkar etmirik. Amma məsələ ondadı ki, bu istedad gələcəkdə nə "Neftçi”də, nə də millidə oynamayacaq. Atası Azərbaycanı tərk edəndə Lorenzo da onunla gedəcək. Özü də gizlətmir ki, gələcəkdə İtaliya millisinin və "Atalanta” klubunun şərəfini qorumaq istəyir.
Hazırda "Neftçi”nin eyni anda üç uşaq komandası onun kölgəsinə sığınıb, Lorenzonun vurduğu qollar sayəsində çempionatlarda meydan sulayır. Sabah Lorenzo Azərbaycanı tərk edəndə həmin məşqçilər də, "Neftçi” rəhbərliyi də dizlərinə döyəcəklər, bu gün önünü kəsdikləri uşaqlara möhtac qalacaqlar. Onlar bu günlə yaşayırlar, Azərbaycan futbolunun gələcəyini düşünmürlər. Bunu "Neftçi”də illərdi çalışan, uşaq futbolu üzrə mütəxəssis İslam Kərimov da etiraf edib.
"1news.az” saytında çalışan həmkarlarımız "Neftçi”nin düşərgəsində olub, Lorenzo və məşqçilərlə söhbətləşiblər. İslam Kərimovun dediklərini ixtisarla sizə təqdim edirik:
"Onun vurduğu qollar rekord saydadı. Mövsümün sonuna qədər 150-170 arası qol vuracağıq. 25 ildi məşqçi işləyirəm, hələ belə faktla rastlaşmamışam. Mən də Lorenzonun eyni anda üç komandada oynamasına görə narahatam. Bir peşəkar məşqçi kimi bilirəm ki, üç komandada oynamaq uşaq üçün ağır fiziki yükdür. Bizim yaş qrupunda oyunlar 40 dəqiqədir. Amma Lorenzo özündən böyüklərlə oynadığı üçün əlavə yüklənməli olur.
Narahatam ki, bazar günləri 10 yaşlı uşaq iki dəfə oyuna çıxır. Bütün dünyada qəbul olunub ki, bərpa üçün 48 saatdan 72 saata qədər vaxt tələb olunur. Görünür, Lorenzonun fiziki göstəriciləri buna imkan verir. Mən heç nə edə bilmərəm. Axı digər məşqçilər də qələbə qazanmaq istəyir (gülür)".
Sitatın sonu. Düşünürük ki, əlavə şərhə ehtiyac yoxdu. Orxan Hüseynzadə və Elnur Eyvazov da bu vəziyyətdən xəbərdardılar. Amma aldadıcı nəticələrə görə susurlar. Həm bir uşağın, həm də "Neftçi”nin faciəsinə göz yumurlar.