Xəbər lenti

"Neftçi"nin yeni transferi: "Bakıya ailəm, hətta balaca itim də gəlib"
İdman16:42 07.01.2022

"Neftçi"nin yeni transferi: "Bakıya ailəm, hətta balaca itim də gəlib"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycana qayıtmağıma, bu cür komandanın şərəfini qorumağıma şadam".
Qaynarinfo xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Eddi İsrafilov jurnalistlərə açıqlamasında deyib. 30 yaşlı yarımmüdafiəçi "bu gözəl layihənin bir parçası olmaq üçün səbirsizləndiyini" bildirib:
"Qarşıda bizi təlim-məşq toplanışı gözləyir. Bundan sonra keçirəcəyimiz ilk rəsmi oyuna 100 faiz hazır olacağam".
Təcrübəli oyunçu Azərbaycan dilini bilmədiyini etiraf edib:
"Burada yaşadığım müddətdə əsas məqsədlərimdən biri bu dili öyrənmək, daha da mükəmməlləşdirmək olacaq. Anam 3-4 yaşımadək mənimlə rus dilində danışıb. Ona görə rus dilini bir az bilirəm. Amma çox istifadə etmədiyimə görə artıq unuduram".
O, "Neftçi"yə keçməmişdən öncə başqa təkliflərinin olduğunu da diqqətə çatdırıb:"
"Amma mən bu barədə danışmaq istəmirəm. Hazırda "Neftçi"nin futbolçusuyam və burada olduğum üçün xoşbəxtəm".
İsrafilov Azərbaycana ailəsi ilə birlikdə gəldiyini vurğulayıb:
"Qızım yenicə dünyaya göz açıb. Bakıya ailəm, hətta balaca itim var, o da gəlib. Hamımız burada xoşbəxt yaşayacağıq".
Futbolçu "Neftçi"dən gələn təklifə anası İradə İsrafilovanın da çox sevindiyini əlavə edib:
"Bunlar şəxsi məsələlərdir, ona görə də çox danışmaq istəmirəm".
O, Azərbaycan millisində mükafat davası etdiyinə dair xəbərlərin yalan olduğunu deyib:
"Jurnalistlər bizimlə paltardəyişmə otağında olmurlar, meydana çıxmırlar. Bu barədə məlumat almaq istəyirsinizsə, komanda yoldaşlarımızdan, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdan, hətta millinin baş məşqçisindən soruşa bilərsiniz.
İsrafilov qarşıda duran əsas vəzifələrindən birinin yığmaya yenidən qayıtmaq olduğunu söyləyib:
"Son vaxtlar milli komandanın oyunlarında iştirak etməsəm də, baş məşqçi mənimlə müntəzəm əlaqə saxlayırdı, danışıqlarımız olurdu. Tezliklə öz formamı bərpa edib həm "Neftçi"yə, həm də Azərbaycan millisinə kömək etmək istəyirəm. Yığmaya qayıtmaq üçün əlimdən gələni edəcəyəm".
30 yaşlı yarımmüdafiəçi Vətən müharibəsi vaxtı müsahibə verməməsini Azərbaycanca yaxşı danışa bilməməsi ilə əlaqələndirib:
"3-4 yaşımadək Azərbaycanda böyümüşəm. Bu, mənim ana Vətənimdir. Azərbaycana hörmətlə yanaşıram. "Müharibə zamanı və bitəndən sonra Azərbaycanı sosial şəbəkələrdə dəstəkləmişəm".
Təcrübəli oyunçu sosial şəbəkədəki paylaşımlarını da göstərib:
"Vətən müharibəsi 27 sentyabrda başlayıb. Mən 29 sentyabrda paylaşım edərək, Azərbaycana dəstək vermişəm. Müharibə bitdikdən sonra - 10 noyabr 2020-ci ildə "Qələbə günün mübarək, Azərbaycan. Qarabağ - Azərbaycandır" paylaşımları etmişəm. Yenə də vurğulamaq istəyirəm ki, "Qarabağ - Azərbaycandır!" (Report.az)
Eddi israfilov "Neftçi" ilə 2,5 illik müqavilə imzalayıb.