Ukrayna savaşı nəticəsində dünyada neftin qiymətində son illərin ən yüksək artımı müşahidə olunub. İndi bir barrel neftin qiyməti 120 dollardan çoxdur. Bu vəziyyət sanksiyalara məruz qalan Rusiyanı qane etsə də, Qərb çalışır ki, "qara qızıl”ın qiymətinin düşməsinə nail olsun.
Bu müstəvidə Qərb digər neft istehsalçıları ilə qiymətin endirilməsi istiqamətində danışıqlar aparır, hətta bir sıra hallarda onlara təsir də göstərir. Yaranmış vəziyyətdə Səudiyyə Ərəbistanı Qərb müttəfiqlərinə bildirib ki, Rusiya sanksiyaların təsirilə neft hasilatını kəskin azaldacağı təqdirdə, özünün neft hasilatını artırmağa hazırdır. "Financial Times"ın yazdığına görə, bu barədə 5 mənbə məlumat verib. Hazırda Səudiyyənin sutkalıq neft hasilatı 10,4 milyon barrel həcmindədir.
Belə bir qərarın neftin qiymətinə hər hansı bir təsiri ola bilərmi?
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev deyir ki, tək Səudiyyə deyil, digər körfəz ölkələri qarşıdakı aylarda hasilatı artırsalar, bu, neftin bahalaşmasının qarşısını almayacaq:
"Hazırda neftin qiyməti heç də tək hasilat həcmindən asılı deyil. Bazarda kifayət qədər neft həcmi var. Sadəcə olaraq, neft axını xəritəsi yenidən cızılır. Qiymət artımına əsasən də emal güclərində yaranan problem təsir edir. Pandemiya da bu müstəvidə mühüm rol oynadı. Məsələn, son 3 ildə sutkalıq emal gücü 4 milyon barel olan neft emalı zavodları fəaliyyətlərini dayandırıb. Bazara çıxarılan neft həcminin 85 faizindən çoxu birbaşa emal güclərinə verilir. Yerdə qalan 15 faiz isə qiymətdən asılı olaraq strateji neft ehtiyatlarının formalaşdırılmasına yönəldilir. Artıq bu mexanizm də işləmir. Digər tərəfdən, Rusiyaya tətbiq olunan sanksiyalar fiziki bazarda tədarük çevikliyini də aşağı salıb. Yüngül və ağır neftin balansında da pozulma var. Bu fonda da qiymətlər artır. Dolların kursunun dəyişməsi də neftin qiymətinə təsir etmir. İkinci bir tərəfdən, Əl-Riyad buna gedərsə, onu OPEK+ ölkələrilə razılaşdırmalıdır. Məsələyə yəqin ki, OPEK+ ölkələrinin toplantısında aydınlıq gətiriləcək”.
Rüfət Sultan