"Səudiyyə Ərəbistanı" neft korporasiyası "Saudi Aramco" neftin qiymətini Rusiyanın dünya bazarındakı mövqeyini zəiflətmək üçün aşağı salıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” Neft İxrac Edən Ölkələr Təşkilatındakı (OPEC) mənbələrinə və Səudiyyə hakimiyyətinin adı açıqlanmayan nümayəndələrinə istinadən yazıb.
Məqalədə deyilir ki, Səudiyyə korporasiyasının bu hərəkəti "Rusiya bazar seqmentinin payını ələ keçirmək üçün təcavüzkar bir kampaniyanın elementi"dir. "The Wall Street Journal” bildirir ki, şənbə axşamı "Saudi Aramco" rəhbərliyi alıcılara şirkətin aprel ayından etibarən xammal tədarükünün qiymətini bir barrel üçün ABŞ-a 7 dollar, Şimali Avropaya 8 dollar, Şərqi və Cənubi-şərqi Asiya ölkələrinə 6 dollara qədər azaldacağını elan edib.
Səudiyyə Ərəbistanının hakimiyyət nümayəndəsi nəşrə açıqlamasında qiymətlərin azaldılmasının birbaşa Rusiya mövqelərinin zəifləməsinə yönəldiyini söyləyib. Eyni zamanda nəşr Səudiyyə tərəfinin OPEC+ ölkələri tərəfindən neft hasilatının əlavə azaldılması ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra belə bir addım atdığını vurğulayıb.
Qeyd edək ki, neft bazarındakı vəziyyət FOREX-də rublun məzənnəsinə təsir edib. Rusiya valyutası kəskin şəkildə ucuzlaşıb. Dollar artıq 72, avro isə 82 rubla satılır.
Alpər