Ailəsi məhbus siyasətçi Nemət Pənahlıdan üç gündür ki, heç bir xəbər ala bilmir. Bunu iyunun 18-də “Media forum” saytına Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı deyib. Bir neçə gün əvvəl, iyunun 14-də Bakı Apellyasiya Məhkəməsi Nemət Pənahlının Qobustan həbsxanasına köçürülməsi haqda fevralın 25-də Xəzər Rayon Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. Bu qərar 17 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin təqdimatı əsasında qəbul edilib. Təqdimatda Nemət Pənahlının daxili nizam-intizamı dəfələrlə pozduğu iddia olunub.
Həcər Pənahlı “Media forum”a bildirib ki, nə Penitensiar Xidmət, nə də 17 saylı Cəzaçəkmə Müəssisəsi onlara Nemət haqqında bir məlumat verir: “Bu ölkədə haqq söz deməkdən böyük günah yoxdur. Müəssisədə biri digərinin başını yarır, onu Qobustan həbsxanasına bir aylığa göndərirlər, ancaq Neməti üç illiyə göndərirlər. Penitensiar Xidmətdən hər gün mənə deyirlər ki, Nemətin bizimlə əlaqə saxlamasını təmin edəcəklər. Beləcə üç gündür ki, məni yubadırlar. Nə müəmma varsa qoymurlar Nemət bizimlə əlaqə saxlasın. İyunun 19-da Nemətlə görüşüm olmalıdır. Amma bilmirəm ki, bu görüş alınacaq, ya yox”.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Media forum”a deyib ki, Nemət Pənahlının həbsxana rejiminə köçürülməsi qanunvericiliyə uyğun qaydada həyata keçiriləcək.
Dustağın həbsxana rejimində saxlanması ilə ümumi rejimli cəzaçəkmə müəssisəsində saxlanması arasında fərq olduğunu vurğulayan Mehman Sadıqov bildirib ki, rejim dəyişikliyi Nemət Pənahlıya kifayət qədər məhdudiyyət yaradacaq: “Həbsxana rejimində ona gün ərzində 1 saat gəzinti veriləcək. Telefon danışıqlarında, görüşlərində də kifayət qədər məhdudiyyət olacaq. Bu, qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdir”.
Mehman Sadıqov Nemət Pənahlının səhhəti ilə bağlı hər hansı probleminin olmadığını qeyd edib.
Milli azadlıq hərəkatının öncül simalarından olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Qaynar.info