Xəbər lenti

NİDA-çıların valideynləri müddətsiz aclıq aksiyasına başladılar - FOTOLAR
Ölkə11:51 20.04.2014

NİDA-çıların valideynləri müddətsiz aclıq aksiyasına başladılar - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səkinə Qurbanlı: "Zaurun başına bir iş gəlsə, vətəndaşlıqdan imtina edəcəyəm"

İbrahim Novruzlu: “Əgər övladlarımıza nə isə olsa, gərək onda özümüzü öldürək”

Bu gündən etibarən NİDA-çı gənclərin valideynləri Müsavat Partiyasının qərargahında müddətsiz aclıq aksiyasına başladılar. Valideynlər sona qədər aclıq etməyə israrlıdırlar.

NİDA VH-nin İdarə Heyətinin üzvü Zaur Qurbanlının anası Səkinə Qurbanlı dünən oğlu ilə görüşdüklərini dedi: "Dünən Zaurla görüşdük. Hər dəfə 4 saat yaxın görüşümüz olurdu. Bu dəfə Zaurun halı olmadığından 1 saata yaxın çəkdi görüşümüz. Gənclər aksiyaya başlayandan təcridxana nəzarətçiləri ilə münasibət əvvəlki kimi deyil. Radiosu xarab olmuşdu, yenisini apardım, vermədilər, məktub da var idi, götürmədilər. Düzdür, yenə də hörmət edirlər, ancaq əvvəlki münasibət yox idi".

Səkinə xanım Zaura bir şey olacağı təqdirdə vətəndaşlıqdan imtina edəcəyini  dedi: "Biz 1 ildən çoxdur ki,  Kürdəxanı yolundayıq. Orada elə cinayətkarlar yatır ki, hərəsinə 3 il,5 il iş veriblər. Bəs bu gənclər nə edib ki, onlara 8 il iş istədi prokuror. Onların tək günahı azad, demokratik cəmiyyət qurmaq istəməkləridir. Bu hakimiyyət gənclərdən çox qorxur. Nə vaxta qədər dözəcəm, o vaxta qədər də aksiyanı davam etdirəcəyəm. Təsəvvür edin ki, Zaur talassemiya, bronxial astma xəstəliklərindən əziyyət çəkir. Zaurla bərabər, Bəxtiyar Quliyevin də səhhətində ciddi problemlər var.  Zaur deyir ki, bizdən qətiyyən narahat olmayın. Amma mən çox narahatam, aclıqdan onlara hər şey ola bilər, komaya da düşə bilərlər. Zaurun başına bir iş gəlsə, vətəndaşlıqdan imtina edəcəyəm. Mən oğlumdan ötrü yaşayıram. Onun başına bir iş gələndən sonra, mən nəyə, kimə lazımam? Özümə qəsd etməmişdən əvvəl, birinci Azərbaycan vətəndaşlığından imtina edərəm".

Aclıq aksiyasına qoşulan digər NIDA-çı gənc Rəşadət Axundovun anası Mətanət Axundova isə bunları dedi: "Mən gənclər aksiyaya başlayandan onlara qoşulmuşam. Sonra qərara gəldik ki, valideynlər olaraq bir yerdə başlayaq. Oğlumun yolunda ölümə də hazıram. İstəmərəm övladıma nə isə olsun. Onların əsəbləri pozulub. Nahaq yerdən 1 ildən çoxdur ki, həbsdədirlər, üstəlik də ikinci zərbəni vurdular. Övladlarımıza bəraət istəyirəm, hər kəsdən dəstək gözləyirəm. Bu qədər ədalətsizlik olmaz. Dövlətimiz belə gənclərin savadından, qabiliyyətindən  istifadə etməlidir. Əksinə bu cür gəncləri əzirlər. Bunlarda gənclərə nə cür qərəz var?  Adam düşünmək belə istəmir. Bu insanlar neyləyib? İstədikləri tək şey azad, ədalətli cəmiyyət qurmaqdır. Bu gənclər gedib Avropada oxuyub, haqq, ədalət görüb. Onlar da istəyir ki, öz ölkələrində haqq, ədalət olsun. Şəxsən mənim oğlum Avropadan gələndən deyir ki, mən həsəd aparıram o cürə qayda-qanuna. Bu adamın qəlbində bu cür yaşamaq istəyi var. Rəşadət nə pul, nə vəzifə istəyir. Deyir ki, mən yaxşı yaşamaq, ölkəmdə haqq, ədalət olsun istəyirəm.  Bu cür savadlı gəncləri hakimiyyət ləkələmək istəyir  ".

Digər NİDA-şı gənc Şahin Novruzlunun da anası aclıq aksiyasında sona qədər iştirak edəcəyini dedi: "Şahin 17 yaşında ikən həbs olunub. 1 il 2 aydır Şahin həbsdədir. Hələ də mən anlamıram ki, Şahin niyə həbsdədir.  Hakimiyyətdən tələb edirəm, bu günahsız gəncləri azad etsin ".

Şahin Novruzlunun atası İbrahim Novruzlu bu günlərdə oğlu ilə danışdıqlarını dedi: "Aclığa başlayandan bir gün sonra zəng etmişdi. Dedi, ata, arxayın ol, yaxşıyam, nə də olsa, fikir etməyin. Nə olacaq, o da olacaq. Biz sona qədər aclıq aksiyasında iştirak edəcəyik. Şahin bu yaşında hüquqları pozulmuş bir gəncdir. Nə Şahin, nə də mən dərk edə bilmirik ki, onları niyə həbs ediblər".

İbrahim Novruzlu "aclıq alsiyasına siz də qoşulacaqsınızmı”, -  sualına isə belə cavab verdi: "Aksiya ilə bağlı ata valideynlərlə də danışmışam. Onların arasında səhhəti çox pis olanlar da var. Elə mənim özümün də səhhətim yerində deyil. Amma mən balamdan, eləcə də digər gənclərdən heç də artıq deyiləm. Bəli, onların yolunda mən ölümə də hazıram. Onsuz da gecə-gündüz yuxusuzuq. Bütün bu olanlara hələ də söz tapıb deyə bilmirəm, şokdayam ".

İbrahim Novruzlu günahsız həbs olunan gənclərin qarşısında baş əydiyini dedi: "Allahdan başqa heç kəsin qarşısında baş əyməyən kimi, şəxsən bu gənclərin qarşısında baş əyirəm. İstəməzdim oradakı övladlarımıza nə isə olsun. İnşallah, pis günün ömrü az olar ".

Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadənin atası Bakir Rüstəmzadə övladına görə ölümə də hazır olduğunu dedi: "Həftənin beşinci günü telefonla danışmışam. Dedi ki, hər şey yaxşıdır. Mən də aksiya qoşulmaq istəyirəm, şəkər xəstəsi olduğum üçün bilmirəm nə edim. Amma lazım olsa, ölümə də hazıram. Əgər övladlarımıza nə isə olsa, gərək onda özümüzü öldürək. Onlar olmayandan sonra daha nəyə yaşayırıq? Başqa yol yoxdur".

Xatırladaq ki, ötən məhkəmədə dövlət ittihamçısının gənclərə 6 ildən 8 il 6 aya qədər iş istəməsinə etiraz olaraq gənclər həbsxanada müddətsiz aclıq aksiyasına başlayıblar.  

Həm dövlət ittihamçısının bu qədər iş istəməsinə, həm də gənclərə dəstək olaraq onların valideynləri də aclığa başladılar. (musavat.com)

Qaynar.info