Ötən mövsüm Niderland Erediviziyasından Birinci Diviziona düşmüş "Emmen”in Rumıniya təmsilçisi "UTA Arad”dan 30 yaşlı yarımmüdafiəçi Desli Ubbinki transfer etməsi sosial şəbəkələrdə kəskin etirazlara səbəb olub.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb heç də komandanın taktikası və ya futbolçunun bacarığı deyil, onun 2013-cü ildə 20 yaşında ikən, 14 yaşlı qızla cinsi əlaqəyə girdiyi üçün 160 saat müddətində ictimai işlərə məhkum edilməsi barədə qərar olub. BBC-nin məlumatına görə, məhkəmə Ubbinkin yetkinlik yaşına çatmayan uşaqla cinsi əlaqəyə girərək "sosial əxlaq normalarını aşdığını" bildirib.
Həmin 14 yaşlı qız isə Ubbinkin onu cinsi əlaqəyə məcbur etdiyini və qorxduğu üçün birlikdə olduğunu bildirib.
Futbolçu aldığı cəzadan sonra ölkədən ayrılaraq, karyerasını Qazaxıstan, Slovakiya, Polşa və Rumıniyada davam etdirib.
1+1 illik müqavilədən sonra "Emmen”in məşqçisi Fred Qrim futbolçunu tərifləyərək komandaya töhfə verəcəyini bildirib. Bununla yanaşı klub etirazçıları sakitləşdirmək üçün Vikipediyadakı səhifəsində dəyişikliklər həyata keçirib. Bu, niderlandlı futbolsevərləri daha da qəzəbləndirib. Sosial mediada yazılan şərhlərdə "seks cinayəti məhkumu” kimi qiymətləndirilən Desli haqqındakı bu məlumatın Vikipediyadan silinməsinin "Emmen”ə böyük ziyan vurduğu bildirilib.
Klubun idarəedici direktoru Rins Bliker məsələ ilə bağlı açıqlamasında, "Hal-hazırda bu barədə əlavə şərh vermək istəmirəm, çünki bu, işçinin xüsusi vəziyyətinə aiddir. Bəlkə bu barədə sonra danışarıq” - sözlərini söyləyib.
Səbuhi Həsənov