Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə 2022-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 61939 nikaha daxilolma və 15983 nikaha xitam verilməsi halı qeydə alınıb. 2021-ci illə müqayisədə nikaha daxil olmaların sayı artıb, nikaha xitam verilməsi halı isə azalıb. Azalma fərqi o qədər də böyük olmasa da göstərici olaraq yaxşıdır və ölkədə ailə institutunun möhkəmlənməyinə ümidləri artırır.
Ölkəmizdə nümayəndəlik institutu məhdudlaşdırılana qədər olan təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Azərbaycanda nikaha xitam verilməsi özü özlüyündə o qədər də qəliz bir proses deyil. Məsələni qəlizləşdirən ərlə arvadın birgə əmlakının bölgüsüdür. Ortaya çıxan çətinliklər prosesin müddətini uzada da bilər. Bəs bundan bir çıxış yolu varmı? Ərlə arvadın birgə əmlakını rahat şəkildə bölünməsi mümkündürmü?
Mümkündür! Bunun üçün hüququn müvafiq mexanizmi mövcuddur. Bu mexanizm nikah müqaviləsidir. Əgər tərəflər arasında nikah müqaviləsi bağlanarsa, gələcəkdə əldə ediləcək birgə əmlakın vəziyyətini, bölgüsünü müəyyən etmək olar. Bu tərəflərin özləri üçün rahatlıq və əminlik yaratmış olur.
Lakin təəssüf ki, ölkəmizdə nikah müqaviləsinə barmaqarası baxış bu gün də dəyişməyib. Bunun bir çox səbəbləri var. Bizim insanımızın nikah müqaviləsinə belə münasibətinin kökündə ilk növbədə mental dəyərlər dayanır. "Kənardan baxan bizə nə deyər" yanaşması cəmiyyətimizi tək nikah müqaviləsi ilə bağlı deyil, eyni zamanda bir çox mütərəqqi, müasir dünyanın qəbul və tətbiq etdiyi dəyərlərdən uzaq salır. Bunun qarşısını almaq mümkündürmü? Dövlət bu istiqamətdə nələr edə bilər?
Etiraf edək ki, bu sahədə maarifləndirmə demək olar ki, yox dərəcəsindədir. Amma maarifləndirmə lazımınca aparılsa belə nəticənin əhəmiyyətli dərəcədə dəyişəcəyinə ümid etmək sadəlövhlük olardı. Hesab edirəm ki, bu sahədə müəyyən prosedur çərçivəsində icbari qaydalar tətbiq etmək zəruridir. Misal üçün, nikaha daxil olan cütlüklərdən tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tələb edilir. Eyni qayda nikah müqaviləsinə də tətbiq edilə bilər. Əgər belə olarsa, gələcəkdə tərəflərin əmlak bölgüsü ilə bağlı problemləri olmayacaq, həmçinin məhkəmələrin iş yükü əhəmiyyətli dərəcədə azalacaq. Bu bütövlükdə məhkəmələr tərəfindən icraatlarında olan digər kateqoriyaya aid işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi işinin effektivliyini artıracaq.
Amma yuxarıda qeyd etdiyim təklifin gerçəkləşib də formal xarakter almasını istəməzdim. Düşünün ki, dövlət nikah müqaviləsini nikaha daxil olan cütlüklər üçün icbari edir. Bu zaman alışdığımız mənzərənin yaranmaması üçün əsaslı prosedur qaydalar tətbiq edilməlidir. Yəni, sadəcə nikaha daxil ola bilmək üçün standart bir müqavilə blankının imzalanması vəziyyəti dəyişməyəcək. Gələcəkdə maraqlı tərəfin müraciət edəcəyi vəkil məhkəmə mübahisəsi yaratmaq üçün həmin standart müqavilə mətnində yüzlərlə nüans tapa bilər.
Həsən Həsənov