
Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində keçirilən “Neftçi” – “İnter” (2:1) matçından sonra “İnter”in kapitanı Nizami Hacıyev jurnalistlərə müsahibə verib.
Qaynarinfo.Az-ın əməkdaşının da iştirak etdiyi həmin müsahibəni təqdim edirik:
- Oyun gözlədiyimiz kimi çətin oldu. Asan oyun olmur. İndi baxdım penalti epizoduna, orda penalti yoxdur. İlk qolda 2 metr “ofsayd” vardı. Bir söz deyim: əgər kimsə bizi sındırmaq istəyirsə, bu onsuz da alınmayacaq. Bu birinci və axırıncı məğlubiyyət idi. Hər oyun qapımıza 3 penalti versələr, əlbəttə, uduzacağıq. Amma belə davam etsə... Onsuz da Azərbaycan futbolu çöküb. Çöküb də, yoxdur futbol. Bunu bu dərəcədə etmək lazım deyil. Xahiş edirəm, hakimlərə cavabdeh olan şəxslər baxsınlar bu oyuna. Qoy, qiymət versinlər. Nə oldu e, kiminki 3 sarı vərəqəsi vardı, bu gün 4-cünü verdi. Penalti epizodunu gördünüz?
- Lakin orda baş hakim cərimə zərbəsi təyin etmişdi. Köməkçisinin sözündən sonra 11 metrlik nöqtəni göstərdi...
- Fərqi nədir ki? İstənilən halda hakim bu səhvi edir. Gəncədə penalti verdilər, sonra dedilər bağışlayın, penalti yox idi. Burda veriblər, indi deyəcəklər ki, bağışlayın. Bu nə qədər olar? İstəyirlərsə, “İnter” axırıncı yerdə getsin, desinlər. Milli komandanın 5 futbolçusu əsas heyətdə oynayır, yenə də bizi sıxırlar. Bu nə qədər davam edəcək?
- Belə çıxır ki, sizinlə şəxsi qərəzləri var?
- Vallah, belə çıxır da. Mən bunu başqa cür qəbul edə bilmirəm.
- Oyun zamanı hakimə “bir də olsa, komandanı meydandan çıxaracağam” söylədiniz. Doğurdan çıxaracaqdınız?
- Əlbəttə, çıxardacaqdım. Baş məşqçiyə deyirlər ki, Nizami niyə hakimə etiraz edir? Mən komandanın kapitanıyam, haqqım var. Kapitan niyə seçilir ki? Yalandan sarğını qolda saxlamaq üçün? Ağabalaya “sarı” verir. Sual verirəm ki, niyə vərəqə göstərdin? Deyir özü bilir. Bu nə deməkdir? Mən “Pole çudes” oynayıram? Allaha and olsun ki, bu, biabırçılıqdır. Belə davam etsə, növbəti oyunlarda şou olacaq. Bu da bir başa yuxarı gedəcək. Kişi kimi futbol oynayırıq. Xeyir ola e, bizi sıxmalıdırlar? Xalqın düşmənləriyik?
- Oyununuz ilk hissədə də alınmadı. Baş məşqçi qeyd etdi ki, Rauf Əliyevin yoxluğu öz sözünü dedi...
- Əlbəttə, təsir edir. Rauf elə oyunçudur ki, topu qabaqda saxlayıb, ötürmə verir. Yəni, hücumlarımızı qura bilirik. Bu gün bunu edən olmadı. Pərdis Fərcad-Azad 5 metrdən vurdu qapıçının üstünə. Halbuki orda mənə ötürsə, boş qapıya da vurmaq olardı. Mən onu qınamıram, futbolçudur, olur belə şeylər. Mən də son dəqiqədə ötürməni düzgün verə bilmədim.
- “İnter”ə qarşı ögey münasibətin səbəbini nədə görürsünüz?
- Mən klubun prezidentinə müraciət etdim. Dedim ki, bu klubların rəhbərləri getsinlər, danışsınlar hakimlərlə bağlı. Görsünlər bu nə məsələdir. 10 oyundur uduzmurduq. Bu gün hakim səhvindən yenildik. Səhv olar bir dəfə, verdin penaltini, başa düşdük. Lakin bütün xırda şeylərdə belə, bizim əleyhimizə qərar verdi. Məni düz başa düşün, ifadələri düzgün yazın ki, bu millət bilsin biz nələr çəkirik. Sonra da deyirlər ki, hakimlə danışma. Necə danışmayaq? Səhv olur, səhvsiz insan yoxdur. Amma bu gün hər iki qolda yanlış qərar verdilər. Mən bunu qərəz kimi qəbul edirəm. Bu baş hakim layiqli cəzasını almasa, futbol çökmüş vəziyyətdədir, bundan da pis olacaq.
- Demişdiniz ki, formada deyilsiniz, lakin hazır olanda yığmaya çağırmasalar, müəyyən insanlardan hesab soracaqsınız...
- Bu, bir az qəliz məsələdir. Millinin heyəti artıq açıqlanıb. Mən də sizin vasitənizlə baş məşqçiyə səslənirəm ki, niyə məni dəvət etmir? Futbolçular var ki, əziyyət çəkir, millidən kənarda qalır. Hamınızdan xahiş edirəm, bunları yazın. Mənim adımdan Robert Prosineçkiyə sual verin ki, bir oyunçu əsas heyətdə oynayır, kapitandırsa, qol vurursa, komandası III yerdə gedirsə, bu oyunçu niyə çağırılmır?! Siz soruşun, mən onu görmürəm. Bizim məhlədə qalsa, özüm də üzbəüz ondan soruşaram. Kənd uşağıyam, mənim üçün fərqi yoxdur. Məndə elə təəssürat yaranır ki, kimi gəldi, necə gəldi çağırırlar.
- Elxan Abdullayev köməkçisidir, ondan soruşun...
- Yox, ondan soruşmağım düz olmaz. O, “Neftçi”nin baş məşqçisidir.
Qaynarinfo.Az