Xəbər lenti

O, can üstədir, inkişaf edə bilmir - YAZI
Ölkə08:36 05.09.2014

O, can üstədir, inkişaf edə bilmir - YAZI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Jalə Abbasova

Bu gün ölkədə əyri gedən bütün prosesləri keçmiş Sovetin izi adlandırmağa çox aludə olmuşuq. Bu məsələdə bir çox fikir yürütməyə can atırıq. Bəzilərimiz tərifləyir, bəzilərimiz isə tənqid edir. Amma anlamırıq ki, Sovet artıq keçmişdə qaldı. Bugünki günahların izini daha başqa yerdə və daha real şərtlər daxilində axtarmaq lazımdır.

Bu gün bir sahə haqqında danışmaq istəyirəm, hansi ki, artıq xərçəngə tutulub. Özü xərçəngi sağaltmalı olan qurum bu ölkəni xərçəngə bürüyüb və çaş-baş şəkildə gözlərini döyərək tamaşa etməkdədir. Bu bizim ağ xalatlı, Hippokrat andı içən həkimlərimizin düşdüyü durumdur, düşdüyü girdabdır. 

Bu dediyim həmin girdabdır ki, tələbə neçə il zəhmətlə oxuyub başa vurduğu universitetdə Hippokrat andı içir. Və hər şey bundan sonra başlayır. Sizcə neçə həkim o anda sadiq qalır? Axı bu gün səhiyyəmizin “nailiyyətlərindən” az-çox xəbərdar olan insan həkimə necə inansın? Yox, hamısı elə deyil və bunu mən də bilirəm. Vallah yaxşı həkimlərimiz də var və bunu ədalət naminə mütləq qeyd etmək lazımdır. Mən bilirəm ki, bu vicdanlı, içdiyi anda haqqıyla əməl edən həkimlər belə bu gün səhiyyəmizi xilas etmək gücündə deyillər. Bəs problem nədir? Birinci problem savadsızlıqdır, universitetden başlayan savadsızlıq. Sovet dövrünün kitablarını qarşısına qoyub “dediyim dedikdir” deyən həkimlərimiz var. 

Köhnə metodlar, köhnə məktəb nə qədər zəngin olsa da bu günlə səsləşməyən cəhətləri də var və texnoloji inqilab həkimlərimizdən tələb edir ki hər gün öz biliklərin yeniləsinlər. Bu gün cavanlarımızın xaricdə təhsil alması qənaətbəxşdir və yalnız bu bizə gələcək üçün müəyyən ümidlər verə bilər. Savadlı həkimlərimiz çox azdır desəm bu, qərəzli görünə bilər. Əksinə bu acı həqiqət hər gün xəstəxana qapılarında canından və pulundan olan hər bir azərbaycanlıya gün kimi aydındır. 

İkinci səbəb maddi problemlərdir. Bu gün tibb sahəsində çox ucuz bazar hökm sürür və alver qəribə bir qapalı dövrəni xatırladır. Bu dövrədə xəstə-həkim-dərman firması-aptek-xəstə ardıcıllığı var. 

Bu yazını oxuyanların ağıllarına fiziki təcrübə filan gəlməsin. Sadəcə olaraq, bu dövrdə pul dövr edir. Həkim xəstəyə yazdığı dərmanlara görə, şirkətlərdən müəyyən miqdarda pul alır. Bundan başqa hansısa laboratoriya və ya şüa-diaqnostika mərkəzlərinə xəstə göndərən həkimlər də eyni pul “mükafatı” ilə təmin olunur. Bu sadə marketinq siyasətidir. Həkim kefyiyyətə yox, daha çox verilən faizin çoxluğuna aldanmalıdır. Bəli, bizdə belə həkimlər, bağışlayın dəllallar da var. 

Bir dəfə də klinikaların birində məşhur dərman brendinin bir məhsulunun reklam vərəqəsini oxudum. Tərkibi o qədər zəngin təqdim edilmişdi ki diqqətimi cəlb etdi. Rəfiqəm həmin dərmanın haqqında yazılanların ağ yalan olduğunu, tərkibinin adi sodadan ibarət olduğunu başa saldı. Əcəba bütün bunları Səhiyyə Nazirliyi görmürmü? 

Bayaq oxuyuram ki, bu gün dövlət xəstəxanalarında işə düzəlmək üçün külli miqdarda pul tələb olunur. Özəl tibb müəssisələrindən isə lisenziya üçün pul istənilir. Yaxşı deyək ki, savadlı mütəxəssis öz biliyini işə salıb attestasiyadan birtəhər keçəcək. Bəs bu savadsızlar “sürüsü” necə olacaq, əgər onlar pul verib rahatca işə girə bilərlərsə onda vay bizim kimi yerli səhiyyəyə möhtac olan kasıbın halına. 

Bütün sadaladığım və sadalamadığım cəhətləri ilə Azərbaycan səhiyyəsi yaşayır yazmağa əlim gəlmir. O, can üstədir, inkişaf edə bilmir. 

Əgər səhiyyəmiz arzuolunan şəkildə olsa vətəndaşlarımız xaricə də üz tutmazlar. Heç kimə sirr deyil ki, ölkə vətəndaşları Turkiyə, İran, Almaniya, Rusiya və s. xarici ölkələrə üz tutur. Bunun hər baxımdan ölkəmizə ziyanı var. Birincisi, xarici ölkələrdə müalicə üçün xərclənən pul ölkə büdcəsinə qayıtmır. İkncisi isə, ən mühüm olanı bizim xalqın meylli olduğu xəstəliklər, müalicə müddətində rast gəlinən fərdi hallar kimlərsə tərəfindən gizli şəkildə öyrənilib bizə qarşı istifadə oluna bilər. 

Müharibə şəraitində yaşayan ölkə üçün bu çox ciddi təhlükədir. Müasir genetika və müxtəlif analiz cihazları hər damla qanımıza görə məsuliyyət daşımağı tələb edir. Xalqımızın genetik kodlarını öyrənib, genetik xəritəmizi çəkib bizə qarşı istənilən bioloji silahdan istifadə edə bilərlər. Bu isə tədricən məhvimizə qədər apara bilər. Bu mövzunu kifayət qədər uzatmaq da olar. Amma elə bilirəm ki, bu məlumatlar SOS siqnalı verməyə kifayət edəcək.